20
İbrahim və Avimelek
1 İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı. 2 *Yar. 12:13; 26:7 İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır» söylədi. Gerar padşahı Avimelek adam göndərib Saranı apardı. 3 Ancaq gecə yuxuda Allah Avimelekə görünüb dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir nəfərin arvadıdır». 4 Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən? 5 O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim». 6 Allah yuxuda dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna görə də səni ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım. 7 İndi isə qadını ərinə qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını qaytarmasan, özün və bütün nəslin hökmən öləcək».
8 Avimelek səhər tezdən qalxıb bütün adamlarını çağırdı və bu sözləri onların qarşısında söylədi. Adamlar çox qorxdular. 9 Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah etdim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər etdin». 10 Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?» 11 İbrahim dedi: «Düşünürdüm ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni öldürəcəklər. 12 O, doğrudan da, mənim bacımdır: atamız birdir, ancaq anamız ayrıdır. Mən onu arvad aldım. 13 Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim qardaşımdır› söylə”».
14 Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona qaytardı. 15 Avimelek dedi: «Mənim ölkəm sənin önündədir: istədiyin yerdə yaşaya bilərsən». 16 Sonra Saraya dedi: «Bax qardaşına min parça gümüş verdim. Qoy bu gümüş sənin yanındakılara günahsızlığını göstərən bir sübut olsun və hər kəs sənin günahsız olduğunu bilsin». 17 İbrahim Allaha dua etdi, Allah da Avimelekə, onun arvadına və cariyələrinə şəfa verdi: onların uşaqları oldu. 18 Çünki Rəbb İbrahimin arvadı Saradan ötrü Avimelekin evində olan bütün qadınların bətnini bağlamışdı.