12
Allahın İbrama çağırışı
1 *Həv. 7:2-3; İbr. 11:8 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. 2 Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. 3 *Yar. 22:18; 26:4; 28:14; Həv. 3:25; Qal. 3:8 Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq».
4 İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi. 5 İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər. 6 İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. 7 *Həv. 7:5; Qal. 3:16 Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. 8 Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı. 9 İbram tədricən cənuba doğru hərəkət edirdi.
İbram Misirdə
10 Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük aclıq hökm sürürdü. 11 O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan. 12 Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. 13 *Yar. 20:2; 26:7 Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram».
14 İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər. 15 Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı. 16 Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.
17 Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi. 18 Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin? 19 Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get». 20 Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar.