3
Yerusəlimdə qarmaqarışıqlıq
Budur, Sahibimiz, Ordular Rəbbi
Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi,
Bütün çörək, su yardımını kəsəcək.
İgidlərlə cəngavərləri,
Hakimlərlə peyğəmbərləri,
Falçılarla ağsaqqalları,
Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri,
Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq.
Uşaqları onların üzərinə başçı qoyacağam,
Qoy körpələr onlara hökm etsin.
İnsan insanla, qonşu qonşusu ilə,
Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla
Həyasızcasına rəftar edəcək.
 
Ailədə qardaş qardaşa sarılıb deyəcək:
«Sənin heç olmasa əyninə geyməyə paltarın var.
Sən başçımız ol,
Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!»
O vaxt bu adam uca səslə söyləyəcək:
«Mən yaralarınızı sarımağı bacarmaram,
Çünki evimdə nə yemək, nə də paltar var,
Məni xalqın başçısı qoymayın».
 
Yerusəlim sarsıldı, Yəhuda dağıldı,
Çünki sözləri və əməlləri
Rəbbə qarşı oldu,
Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı.
Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir,
Günahları haqda Sodomdakı kimi açıq danışırlar,
Bunu gizlətmirlər.
Vay onların halına!
Axı bu bəlanı başlarına özləri gətirdi.
 
10 Saleh adamlara söyləyin ki,
Onlara yaxşılıq ediləcək,
Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək.
11 Pis adamların vay halına!
Çünki onlara pislik olunacaq,
Elədikləri əməlləri qarşılarına çıxacaq.
12 Uşaqlar xalqıma zülm edir,
Qadınlar üzərimizdə hökm sürür!
Ey xalqım, sənə yol göstərənlər
Səni azdırır, yolunu dolaşdırırlar!
 
13 Rəbb məhkəməsini qurmaq üçün qalxır,
Xalqları mühakimə etmək üçün durur.
14 Rəbb xalqının rəhbərlərini,
Başçılarını məhkəməyə gətirir:
«Sizsiniz üzüm bağını yeyib-dağıdan,
Kasıbların malı ilə evlərinizi dolduran.
15 Nə haqla xalqıma zülm edib
Yoxsullara əzab verirsiniz?»
Bunu Ordular Rəbbi Xudavənd bəyan edir.
Yerusəlim qadınlarına xəbərdarlıq
16 Rəbb deyir: Madam ki
Sion qızları çox təkəbbürlüdür,
Boylana-boylana gəzir, göz-qaş oynadır,
Addımlarını asta-asta atırlar,
Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər,
17 Buna görə də Xudavənd
Sion qızlarının başlarına qotur salacaq.
Ayıb yerlərini açıb göstərəcək.
 
18 O gün Xudavənd onların bəzəklərini –
Topuqlara taxılan bilərziklərini,
Araqçınlarını, aypara şəkilli boyunbağılarını,
19 Sırğalarını, qolbaqlarını, örpəklərini,
20 Tac şəkilli başlıqlarını,
Bazubəndlərini, qurşaqlarını,
Ətirlə dolu mücrülərini,
Tilsimlənmiş bəzək əşyalarını,
21 Üzüklərini, burun halqalarını,
22 Bayram libaslarını, paltarlarını,
Örtüklərini, əl çantalarını,
23 Güzgülərini, nəfis toxunmuş kətan libaslarını,
Çalmalarını, duvaqlarını əllərindən alacaq;
24 O vaxt gözəl ətir yerinə üfunət,
Kəmər əvəzinə ip,
Lülə-lülə saç əvəzinə keçəl baş,
Bəzəkli paltar əvəzinə çul bürüncək,
Gözəllik əvəzinə dağlanma olacaq.
25 Kişiləriniz qılıncla,
İgidləriniz döyüşdə məhv olacaq.
26 Yerusəlimin darvazaları
Nalə çəkib yas tutacaq,
Bu şəhərsə kimsəsiz qadın tək
Quru yerdə oturacaq.