39
Xizqiyanın ağılsızlığı
(2Pad. 20:12-19)
O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi. Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı.
Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib, ona dedi: «Bu adamlar nə dedi? Onlar sənin yanına haradan gəldi?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».
Onda Yeşaya Xizqiyaya dedi: «Ordular Rəbbinin sözünü dinlə: “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. *2Pad. 24:10-16; 2Saln. 36:10; Dan. 1:1-7 “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaqlar”». Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq».

*39:7 2Pad. 24:10-16; 2Saln. 36:10; Dan. 1:1-7