38
Xizqiyanın xəstələnməsi
(2Pad. 20:1-11; 2Saln. 32:24-26)
O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
Sonra Rəbbin sözü Yeşayaya nazil oldu: «Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam. Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
10 «Mən öz-özümə dedim:
Ömrüm yarıya çatan zaman
Ölülər diyarının qapısından keçməliyəm,
Həyatımın qalan illərindən məhrum olmuşam.
11 Dedim, Rəbbi dirilər arasında,
Bəli, Rəbbi bir daha görməyəcəyəm.
Bu dünyada yaşayanlar kimi
Artıq insan üzü görməyəcəyəm.
12 Evim çoban çadırı kimi dağıldı,
Əlimdən alındı.
Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi,
Ya Rəbb, bu dəzgahdan məni kəsdin.
Bir günün içində əcəlimi çatdırdın.
13 Səhərə qədər ağrılardan çığırdım,
Rəbb aslan tək bütün sümüklərimi qırır.
Bir günün içində əcəlimi çatdırdın.
14 Qaranquş kimi, durna kimi çığırdım,
Mən göyərçin tək inləyirəm.
Göyə baxmaqdan gözlərim yoruldu.
Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
 
15 Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir.
Çəkdiyim əzablardan sonra qalan illərimi
Sakit yaşayacağam.
16 Ya Xudavənd, adamları yaşadan Sənsən,
Məni də Sən yaşadırsan.
Məni yenə canlandıracaqsan,
Yaşat məni!
17 Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu.
Sən sevginlə canımı qəbirdən qurtardın,
Bütün günahlarımı aradan götürdün.
18 Axı ölülər diyarı Sənə şükür etməz,
Ölüm həmdlər söyləməz,
Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz.
19 Bu gün Sənə etdiyim kimi
Dirilər, yalnız dirilər Sənə şükür edər.
Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
 
20 Rəbb mənə qurtuluş verdi,
Ömrümüz boyu Rəbbin məbədində
Səni simli alətlərlə, ilahilərlə mədh edərik».
21 Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın». 22 Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»