37
Padşah Xizqiya Yeşayadan məsləhət alır
(2Pad. 19:1-7)
1 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 2 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 3 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 4 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
5 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 6 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 7 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
Aşşur padşahının məktubu
(2Pad. 19:8-19)
8 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 9 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: 10 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 11 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 12 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı? 13 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 15 Xizqiya Rəbbə dua edib dedi: 16 *Çıx. 25:22 «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 17 Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as. 18 Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi, 19 allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi. 20 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!»
Yeşaya Aşşurluların məğlubiyyəti barədə peyğəmbərlik edir
(2Pad. 19:20-37)
21 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”. 22 Onun haqqında Rəbbin söylədiyi söz budur:
“Bakirə Sion qızı
Sənə xor baxıb lağ edir,
Yerusəlim qızı
Sənin arxanca başını bulayır.
23 Kimi söyüb küfr etdin?
Kimə qarşı səsini qaldırdın?
Kimə lovğalıqla baxdın?
İsrailin Müqəddəsinə!
24 Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin:
‹Çoxlu döyüş arabalarımla
Dağların zirvəsinə,
Livanın ən uca yerlərinə çıxdım.
Uca sidr ağaclarını,
Gözəl şam ağaclarını kəsdim,
Uzaq təpələrinə,
Yaşıl meşələrinə çıxdım.
25 Quyu qazdım və sularını içdim,
Misirin bütün çaylarını ayağımla qurutdum›.
26 Məgər eşitməmisən ki,
Mən çoxdan bu işi hazırladım,
Qədimdən bəri müəyyən etdiyimi
İndi yerinə yetirirəm ki,
Sən qalalı şəhərləri dağıdıb
Viranəliyə çevirəsən.
27 Bu şəhərlərin sakinləri zəiflədi,
Çaşqınlığa və xəcalətə düşdü.
Yetişməmişdən əvvəl yandırılan
Çöl otu, göyərti və damda bitən ot kimi oldu.
28 Sənin oturuşunu,
Girişini-çıxışını,
Mənə qarşı hiddətini bilirəm.
29 Mənə qarşı hiddətləndiyinə görə,
Lovğalığın qulağıma çatdığına görə
Halqamı burnuna və yüyənimi ağzına taxacağam,
Səni gəldiyin yolla geri qaytaracağam.
30 Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!
Bu il və gələn il özü yetişən barını,
Üçüncü il isə taxıl zəmilərini,
Üzüm bağları salıb onların bəhrəsini yeyin.
31 Yəhuda nəslindən qurtulub sağ qalanlar
Yenə aşağıya doğru kök atacaq,
Yuxarıya doğru bəhrə verəcək.
32 Çünki qalanlar Yerusəlimdən,
Xilas olanlar Sion dağından çıxacaq.
Ordular Rəbbinin qeyrəti bunu edəcək”.
33 Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:
“O bu şəhərə girməyəcək,
Oraya ox atmayacaq,
Qarşısına qalxanla çıxmayacaq,
Qala önündə torpaq qalağı qurmayacaq.
34 Ancaq gəldiyi yolla geri qayıdacaq,
Bu şəhərə girməyəcək”
Rəbb bəyan edir.
35 “Mən bu şəhəri Özüm üçün,
Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
36 O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. 37 Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. 38 O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek ilə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.