36
Aşşurluların hədələməsi
(2Pad. 18:13-27; 2Saln. 32:1-19)
Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. Aşşur padşahı baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Baş vəzir Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandı. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onun qabağına çıxdılar.
Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? *Yez. 29:6,7 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsən. Məgər bu o Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız qurbangahın önündə səcdə edin› demədimi? İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. Görək, sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! 10 Məgər indi mən bu torpağı viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».
11 Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük. Ancaq divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». 12 Baş vəzir dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə, yoxsa divar üzərində oturan bu adamlara söyləyim? Axı onlar da sizinlə birgə nəcislərini yeyib, sidiklərini içəcəklər».
13 Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! 14 Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi qurtara bilməyəcək. 15 Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. 16 Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. 17 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları olan bir torpağa aparacağam. 18 ‹Rəbb bizi qurtaracaq› deyib qoy Xizqiya sizi azdırmasın. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? 19 Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin allahları? Samariyanı mənim əlimdən qurtardılarmı? 20 Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»
21 Camaat susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. 22 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.

*36:6 Yez. 29:6,7