51
Yerusəlimə təsəlliverici sözlər
Ey salehliyi arayanlar, Rəbbi axtaranlar,
Məni dinləyin!
Yonulduğunuz qayaya,
Çıxarıldığınız çuxurun dərinliyinə baxın.
Atanız İbrahimə, sizi doğan Saraya baxın!
Mən onu tək çağırdım, xeyir-dua verdim,
Nəslini artırdım.
Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək.
Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək.
Orada sevinc və şadlıq tapacaqlar,
Şükürlər, ilahilər oxunacaq.
 
Ey xalqım, Məni dinlə,
Ey ümmətim, Məni eşit!
Qanun Məndən çıxacaq,
Ədalətimi nur tək
Xalqlara ehsan edəcəyəm.
Salehliyim yaxındır, qurtuluşum gəlir,
Xalqları Öz gücümlə mühakimə edəcəyəm.
Uzaq diyarlar Mənə bel bağlayır,
Qüvvətimə ümid edir.
Başınızı qaldırıb göylərə nəzər salın,
Aşağıya, yer üzünə baxın.
Çünki göylər dağılacaq tüstü kimi,
Yer üzü paltar kimi köhnələcək.
Beləcə yer üzünün sakinləri də qırılacaq.
Lakin Mənim xilasım əbədidir,
Salehliyim sonsuzdur.
 
Ey salehlikdən xəbərdar olanlar,
Qanunumu qəlblərində saxlayan xalq,
Mənə qulaq asın!
Adamların məzəmmətindən qorxmayın,
Onların söyüşlərindən dəhşətə düşməyin.
Onlar güvənin yediyi paltar kimi məhv olacaq,
Qurdun yediyi yun kimi məhv olacaq.
Lakin Mənim salehliyim əbədidir,
Qurtuluşum nəsillər boyu duracaqdır.
 
Qalx, qalx, güclən, ey Rəbbin qolu!
Qədim zamanlardakı kimi
Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi!
Sən Rahavı *Rahav – bax: Yeş. 30:7. parça-parça etmədinmi?
Sən əjdahanın bədənini deşmədinmi?
10 Dənizi, dərin suları Sən qurutmadınmı?
Satın alınan xalqının keçməsindən ötrü
Dənizin dərinliklərini yola çevirən
Sən deyildinmi?
11 *Yeş. 35:10 Rəbbin satın alınmış adamları qayıdacaq,
Sevinclə nəğmə deyərək Siona gələcək.
Üzlərində əbədi sevinc olacaq,
Onlar sevinc və şadlıq tapacaq,
Kədər və qəm-qüssə yox olacaq.
 
12 Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən!
Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan
Gör sən kimsən?
13 Səni yaradan, göyləri sərən,
Dünyanın təməlini qoyan Rəbbi necə unudursan?
Səni məhv etmək niyyətində olan
Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan.
Bəs hanı zülmkarın qəzəbi?
14 Zəncirlərlə buxovlanmış dustaqlar
Tezliklə azadlığa çıxacaq.
Ölüm çuxuruna düşməyəcək,
Çörəkləri əskik olmayacaq.
15 Allahınız Rəbb Mənəm.
Mənəm dənizi gur dalğalarla çalxalayan.
Ordular Rəbbidir Onun adı!
16 Mən sözlərimi sənin ağzına qoydum,
Əlimin kölgəsində səni gizlətdim ki,
Göyləri qurum, dünyanın təməlini qoyum,
Siona “Xalqım sənsən” deyim».
Yerusəlimin əzabının sonu
17 *Vəhy 14:9-10; 16:19 Oyan, oyan, qalx ayağa, ey Yerusəlim!
Sən ki Rəbbin əlindən
Qəzəb kasasını alıb içdin.
Sərxoşluq kasasını axıra qədər boşaltdın.
18 Doğduğu bütün oğullardan ona yol göstərən,
Böyütdüyü bütün oğullardan ona əl tutan olmadı.
19 Bu iki bəla sənin başına gəldi,
Dərdinə kim şərik olacaq?
Qarət, dağıntı, qıtlıq və qılınc!
Sənə necə təsəlli verim?
20 Övladların taqətdən düşüb,
Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir.
Onlar tələyə düşmüş cüyür kimi
Hər küçə başında uzanıb.
21 Buna görə də, ey yaralı Yerusəlim,
Şərabsız sərxoş xalq, bunu eşit!
22 Xudavəndin Rəbb, Öz xalqını müdafiə edən
Allahın belə deyir:
«Budur, sərxoşluq kasasını əlindən almışam.
Qəzəbimin kasasından artıq içməyəcəksən.
23 Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm.
Axı onlar sənə belə dedi:
“Uzan yerə, üstündən keçək”.
Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər».

*51:9 Rahav – bax: Yeş. 30:7.

*51:11 Yeş. 35:10

*51:17 Vəhy 14:9-10; 16:19