2
1 Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin. 2 Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə, 3 gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə, 4 öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı? 5 Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi? 6 Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi? 7 Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi?
8 *Lev. 19:18Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz. 9 Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz. 10 Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur. 11 *Çıx. 20:13-14; Qanun. 5:17-18Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan. 12 Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın. 13 Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir.
İman və əməllər
14 Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi? 15 Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa 16 və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var? 17 İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.
18 Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm. 19 Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər! 20 Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi? 21 *Yar. 22:1-14Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı? 22 Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır. 23 *Yar. 15:6; 2Saln. 20:7; Yeş. 41:8; Rom. 4:3,9; Qal. 3:6Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı. 24 Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır. 25 *Yeşua 2:1-21Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı? 26 Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.