18
Mikeyanın evinin qarət edilməsi
O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi. Dan övladları ölkəni axtarıb aramaq üçün Sora və Eştaol şəhərlərindən olan bütün nəsillərindən beş nəfər igid adamı kəşfiyyata göndərdilər və onlara dedilər: «Gedin, ölkəni axtarın». Onlar Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldilər və orada gecələdilər. Hələ Mikeyanın evinin yanında ikən gənc Levilinin səsini tanıdılar və evə tərəf dönüb ondan soruşdular: «Buraya səni kim gətirib? Burada nə edirsən? Sənin burada nə işin var?» Levili onlara dedi: «Mikeya mənim üçün belə-belə işlər gördü. O məni muzdla tutdu və mən də onun kahini oldum». Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək». Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».
Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi. İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?» İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın! 10 Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur».
11 Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər. 12 Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Dan *Maxane-Dan – ibrani dilində Dan ordugahı. adlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir. 13 Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər.
14 Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin». 15 Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar. 16 Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı. 17 Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı. 18 Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?» 19 Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?» 20 Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi.
21 Onlar öz külfətlərini, heyvanları və ev əşyalarını qabaqlarına qatıb yola düşdülər. 22 Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar. 23 Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?» 24 Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?» 25 Dan övladları ona dedilər: «Səsin aramızda eşidilməsin, yoxsa qəzəbindən odlanan adamlarımız sənin üstünə düşər, həm öz həyatını, həm də evindəkilərin həyatını itirərsən». 26 Dan övladları yollarına davam etdilər. Mikeya bu adamların ondan güclü olduğunu görüb evinə qayıtdı.
27 Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular. 28 Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar. 29 Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi. 30 Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğlu Musa oğlu – ibrani dilində Menaşşe oğlu kimi də oxunur. Gerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu. 31 Allahın evi Şiloda olarkən bütün bu dövrdə Danlılar Mikeyanın düzəltdiyi oyma bütə sitayiş edirdilər.

*18:12 Maxane-Dan – ibrani dilində Dan ordugahı.

18:30 Musa oğlu – ibrani dilində Menaşşe oğlu kimi də oxunur.