19
Giveada baş verən dəhşətli hadisə
1 İsraildə padşah olmayan dövrdə Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsində bir Levili yaşayırdı. O, Yəhudanın Bet-Lexem şəhərindən özü üçün bir cariyə almışdı. 2 Bu cariyə ona qarşı zina etdi və ondan ayrılıb atasının evinə, Yəhudanın Bet-Lexem şəhərinə qayıdaraq orada dörd ay qaldı. 3 Əri cariyənin könlünü alıb geri qaytarmaq üçün onun dalınca getdi. O özü ilə nökərini və bir cüt eşşək götürdü. Cariyə ərini ata evinə apardı və atası kişini görəndə onu sevinclə qarşıladı. 4 Bu kişinin qayınatası – gənc qadının atası onu evində qonaq saxladı. Kişi onlarda üç gün qaldı və onlar yeyib-içib orada gecələdilər. 5 Dördüncü gün sübh tezdən durdular. Kişi getməyə hazırlaşanda gənc qadının atası kürəkəninə dedi: «Bir loğma çörək ye ki, ürəyində taqət olsun, ondan sonra gedərsiniz». 6 Onlar oturdular və ikisi də birlikdə yeyib-içdilər. Sonra gənc qadının atası bu kişiyə dedi: «Rica edirəm, bu gecəni də bizimlə qal, qoy ürəyin şad olsun». 7 Kişi isə yola düşmək üçün ayağa qalxdı, lakin qayınatası təkidlə onun qalmasını istədiyinə görə o gecəni orada keçirdi. 8 Beşinci gün kişi geri qayıtmaq üçün sübh tezdən qalxanda gənc qadının atası ona dedi: «Rica edirəm, bir az yemək ye ki, ürəyində taqət olsun. Günortadan sonraya qədər ləngisəniz, nə olar?» Onlar ikisi də birlikdə yedilər və içdilər. 9 Kişi cariyəsi və nökəri ilə getmək üçün ayağa qalxanda qayınatası – gənc qadının atası ona dedi: «Bax gün günortanı keçib, axşama çatır. Rica edirəm, bu gecəni də burada qal, qoy ürəyin şad olsun. Sabah səhər tezdən durub evinizə qayıdarsınız».
10 Lakin bu kişi gecəni onunla qalmaq istəməyərək ayağa qalxıb yola düşdü. O, Yevus, yəni indiki Yerusəlim şəhərinin qarşısına gəlib çıxdı. Onun palanlı iki eşşəyi var idi, cariyəsi də yanında idi. 11 Onlar Yevusa yaxınlaşanda artıq gün batmaqda idi. Nökəri ağasına dedi: «Rica edirəm, gəl Yevusluların bu şəhərinə girək və burada gecələyək». 12 Ağası ona dedi: «Yox, İsrail övladlarından olmayan yadellilərin şəhərinə girməyək, Giveaya gedək». 13 Sonra ağası nökərinə dedi: «Gəl çalışaq Giveaya ya da ki Ramaya çataq. Onların birində gecələyək». 14 Onlar oradan keçib getdilər. Binyaminin Givea şəhərinə yaxınlaşarkən artıq günəş batmışdı. 15 Gecəni Giveada keçirmək üçün oranın yoluna döndülər. Kişi şəhərə girib meydanda oturdu, amma onları gecələmək üçün evinə aparan kimsə yox idi.
16 Bu zaman axşam bir qoca tarladan – işdən evə qayıdırdı. O, Efrayimin dağlıq bölgəsindən idi, amma Giveada yaşayırdı. Oranın sakinləri isə Binyaminlilərdən ibarət idi. 17 Bu qoca başını qaldırıb şəhərin meydanındakı yolçunu görüb dedi: «Haradan gəlib, hara gedirsən?» 18 Kişi ona dedi: «Biz Yəhudanın Bet-Lexem şəhərindən Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsinə gedirik. Mən oralıyam. Yəhudanın Bet-Lexem şəhərinə getmişdim, indi isə Rəbbin evinə qayıdıram, amma məni evinə aparan yoxdur. 19 Halbuki eşşəklərimizin samanı da var, yemi də var. Mənim, qarabaşımın və yanımdakı nökərin çörəyi və şərabı var, heç nəyə ehtiyacımız yoxdur». 20 Qoca dedi: «Canın sağ olsun! Təki mənim üzərimə sənin ehtiyacların düşsün, ancaq meydanda gecələmə». 21 Onu götürüb evinə gətirdi və eşşəklərinə yem verdi. Hamı ayaqlarını yuyandan sonra yeyib-içdilər.
22 Onlar könüllərini şad edərkən, budur, şəhər sakinlərindən bir dəstə yaramaz adam evi əhatəyə alıb qapını döydü. Bu adamlar ev sahibi qocaya dedi: «Evinə gələn kişini bayıra çıxar, onunla cinsi əlaqədə olaq». 23 Ev sahibi bayıra çıxıb onlara dedi: «Yox, soydaşlarım, yalvarıram pislik etməyin. Madam ki bu adam mənim evimə gəlib, bu alçaqlığı etməyin. 24 Bax mənim evdə ərə getməmiş qızım və o kişinin cariyəsi var. Qoy onları bura çıxarım, bu biabırçılığı onlarla edin, onlarla gözünüzə xoş görünəni edin, lakin bu kişi ilə belə alçaqlıq etməyin». 25 Lakin bu adamlar ona qulaq asmaq istəmədilər. Ona görə də Levili cariyəsinin qolundan tutub bayıra – onların yanına çıxardı. Onlar onunla cinsi münasibətdə olub bütün gecəni səhərəcən pis işlər gördülər. Dan yeri söküləndə isə qadını buraxdılar. 26 Qadın gün ağaranda ağasının qaldığı yerə – qocanın evinə qayıdıb darvazanın yanında yerə sərildi və hava açılana qədər orada qaldı.
27 Ağası səhər qalxıb evin qapılarını açdı və yoluna davam etmək üçün çıxanda cariyəsini evin darvazasında əlləri astanada yerə sərilmiş gördü. 28 Kişi qadına dedi: «Dur, gedək». Lakin ondan heç bir cavab gəlmədi. Sonra kişi cariyəsini eşşəyin üstünə qoyub öz şəhərinə yola düşdü. 29 O, evinə çatanda bir bıçaq götürüb cariyəsinin cəsədini hissə-hissə on iki parçaya böldü. O doğradığı hissələri bütün İsrail ərazisinə göndərdi. 30 Bu hissələri görən hər kəs belə dedi: «İsrail övladları Misirdən çıxandan bu günədək belə bir hadisə olmamışdır və görünməmişdir. Bu barədə düşünün, məsləhətləşib bir qərar verin».