11
Allahla olan əhdə xəyanət
1 Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Bu əhdin sözlərinə qulaq asın, Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara söyləyib 3 bildirin ki, İsrailin Allahı Rəbb belə deyir: “Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun. 4 Bu əhd barəsində Mən atalarınızı Misir torpağından, dəmir əridən sobanın içindən çıxardığım vaxt əmr edib dedim: ‹Mənim sözümə qulaq asın, sizə əmr etdiyim hər şeyi edin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam. 5 Belə etsəniz, Mən də atalarınıza and içib vəd verdiyim şeyə əməl edərəm, bu gün sizin olan torpağı – süd və bal axan torpağı sizə verərəm›”». Mən də cavab verib «amin, ya Rəbb» dedim.
6 Rəbb mənə dedi: «Bu sözlərin hamısını Yəhuda şəhərlərində və Yerusəlim küçələrində car çəkib söylə: “Bu əhdin sözlərinə qulaq asın, onlara əməl edin”. 7 Bəli, Mən atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq etdim. Onlara dəfələrlə xəbərdarlıq edib dedim: “Mənim sözümə qulaq asın”. 8 Ancaq onlar qulaq asmadı, diqqət etmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də Mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl etməyi əmr etmişdim, onlarsa əməl etmədi».
9 Sonra Rəbb mənə dedi: «Yəhuda adamları və Yerusəlimdə yaşayanlar arasında bir qəsd üzə çıxdı. 10 Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa allahların tərəfdarı olub onlara qulluq etdilər. İsrail və Yəhuda nəsli onların ataları ilə bağladığım əhdimi pozdu. 11 Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm. 12 O zaman Yəhuda şəhərlərinin əhalisi və Yerusəlimdə yaşayanlar gedib buxur yandırdıqları allahlara üz tutub fəryad edəcək, amma başlarına bəla gələn vaxt bu allahlar onlara heç kömək etməyəcək. 13 Çünki şəhərlərinin sayı qədər sənin bütlərin var, ey Yəhuda. Siz Yerusəlim küçələrinin sayı qədər rüsvayçı şeylərə qurbangahlar, Baal bütlərinə buxur yandırmaq üçün qurbangahlar düzəltdiniz”.
14 Sən bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə. Çünki fəlakətlərindən ötrü Mənə tərəf fəryad edəndə qulaq asmayacağam.
15 Sevimli xalqım, pis niyyətlər qurarkən
Mənim evimdə nə işin var?
Təqdis olunmuş ətin çoxluğu ilə
Üzərinizdən bəla çəkilərmi?
Çünki sən pis iş görəndə sevinirsən.
16 Rəbb sənin adını
“Dadlı meyvəsi olan
Yaşıl zeytun ağacı” qoydu.
İndi isə böyük fırtınanın gurultusu ilə
Ağaca od vuracaq,
Onun budaqları qırılacaq.
17 Səni əkən Ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yəhuda nəsli pislik etdi, Baal bütlərinə buxur yandırmaqla Məni qəzəbləndirdi».
Yeremyaya qarşı qəsd
18 O vaxt Rəbb onların etdiklərini mənə göstərdi. O bunu mənə aşkar etdi, mən də xəbərdar oldum. 19 Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar.
20 Ancaq, ey Ordular Rəbbi,
Ürəkləri və fikirləri sınayan ədalətli Hakim,
Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm!
Çünki mən öz işimi Sənə tapşırdım.
21 «Buna görə də Rəbb səni öldürmək istəyən və “Rəbbin adı ilə peyğəmbərlik etmə, yoxsa bizim əlimizdə ölərsən” deyən Anatot əhalisi barədə belə deyir. 22 Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onları cəzalandıracağam: cavanları qılıncla həlak olacaq, oğul və qızları aclıqdan öləcək. 23 Onların nəsli də qalmayacaq, çünki Mən onlar üçün cəza gəldiyi ildə Anatot əhalisinin başına fəlakət gətirəcəyəm”».