12
Yeremyanın Allahla söhbəti
Əgər Səninlə mübahisə etsəm,
Sən haqlı çıxarsan, ya Rəbb.
Ancaq yenə də ədalət barədə
Səninlə danışmaq istəyirəm.
Nə üçün pis adamlar əməllərində
Uğur qazanır,
Bütün xainlər dinc yaşayır?
Onları Sən əkdin, kök saldılar,
Qol-budaq atdılar,
Bar verdilər.
Sən onların dillərinə yaxınsan,
Amma ürəklərindən uzaqsan.
Məni isə, ya Rəbb, Sən tanıyırsan,
Görürsən və sınayırsan.
Ürəyim Səninlədir.
Onları qurbanlıq qoyun kimi ayır,
Qırğın günü üçün hazırla.
Nə vaxta qədər torpaq yas tutacaq,
Bütün çöl otları quruyacaq?
Orada yaşayanların pisliyi üzündən
Heyvanlar və otlar məhv oldu.
Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.
Allahın cavabı
«Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa,
Atlarla necə yarışa bilərsən?
Əgər əmin-amanlıq olan torpaqda büdrəsən,
İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?
Hətta öz qardaşların – ata evin də
Sənə xəyanət etdi,
Onlar da sənin ardınca
Ucadan bağırdı.
Sənə yaxşı sözlər söyləsələr də,
Onlara inanma.
 
Evimi tərk etdim,
İrsimi əldən verdim,
Sevgilimi düşmənlərə təslim etdim.
İrsim Mənim üçün
Meşədəki aslan kimi oldu.
Üstümə nərə çəkdi,
Buna görə də ona nifrət etdim.
İrsim Mənim üçün
Alabəzək yırtıcı quş oldumu?
Hər tərəfdən yırtıcı quşlar
Onun üstünə töküldü.
Gedin bütün vəhşi heyvanları toplayın,
Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.
10 Çoxlu çoban bağımı viran etdi,
Tarlamı tapdalayıb əzdi,
Gözəl zəmimi boş çölə çevirdi.
11 Onu xaraba qoydular,
Xarabalıq içində önümdə ağlayır.
Bütün ölkə viran oldu,
Amma heç kəsin vecinə deyil.
12 Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi.
Çünki ölkənin bir ucundan o biri ucuna qədər
Rəbbin qılıncı qırıb-çatır.
Heç kim salamat qalmır.
13 Onlar buğda əkdi, qanqal biçdi.
Zəhmət çəkdilər, xeyir görmədilər.
Rəbbin qızğın qəzəbindən ötrü
Məhsullarınızdan utanacaqsınız».
14 Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam. 15 Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam. 16 Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar. 17 Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir.