13
Kətan qurşaqla müqayisə
Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. Mənə yenə Rəbbin sözü nazil oldu: «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır.
O zaman mənə Rəbbin bu sözü nazil oldu: «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. 10 Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. 11 Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.
12 Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?” 13 O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”. 14 Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».
Əsarət barədə xəbərdarlıq
15 Eşidin və qulaq asın,
Qürurlu olmayın,
Çünki Rəbb belə söylədi.
16 Nə qədər ki qaranlıq çökdürməyib,
Zülmət dağlarında ayaqlarınız büdrəməyib,
Allahınız Rəbbi izzətləndirin.
Siz işıq gözləyirsiniz,
Amma Rəbb onu ölüm kölgəsinə çevirər,
Dərin zülmətə döndərər.
17 Ancaq siz ona qulaq asmasanız,
Gözlərim acı-acı yaş tökəcək,
Göz yaşları sel kimi axacaq.
Çünki Rəbbin sürüsünü
Sürgün etdilər.
 
18 Padşaha və onun anasına söylə:
«Taxtınızdan enin,
Çünki şərəf tacınız başınızdan düşdü».
19 Negev şəhərlərinin darvazaları bağlandı,
Açan yoxdur.
Bütün Yəhuda sürgün edildi,
Hamı sürgün edildi.
20 Başınızı qaldırıb
Şimaldan gələnləri görün.
Sənə verilən sürü,
Sənin gözəl sürün haradadır?
21 Rəbb müttəfiq kimi hazırladığın adamları
Sənə hakim qoyanda nə deyəcəksən?
Məgər doğan qadının çəkdiyi sancı kimi
Səni də ağrı tutmayacaqmı?
22 Əgər ürəyində
«Bütün bunlar nə üçün başıma gəldi» desən,
Bil ki, günahının çoxluğundan
Ətəklərin qaldırıldı və zorlandın.
 
23 Kuşlu öz dərisini,
Bəbir öz xallarını dəyişdirə bilərmi?
Pislik etməyə alışmış
Siz də yaxşılıq edə bilməzsiniz.
24 «Bundan ötrü səni çöl küləyi ilə
Sovrulan saman çöpü kimi səpələyəcəyəm.
25 Sənə düşən püşk,
Mənim sənə ayırdığım pay budur»
Rəbb belə bəyan edir.
«Çünki Məni unutdun,
Yalana güvəndin.
26 Bundan ötrü Mən də sənin ətəklərini
Üzünə qaldıracağam ki,
Ayıbın görünsün.
27 Çöldəki təpələr üzərində
Gördüyün iyrənc işləri,
Zinakarlığını, şəhvətlə kişnəməyini,
Həyasız əxlaqsızlığını gördüm.
Vay halına, ey Yerusəlim!
Sən nə vaxta qədər
Təmizlənə bilməyəcəksən?»