16
Əyyub
Əyyub belə cavab verdi:
«Bu cür sözləri çox eşitmişəm,
Hamınız adamincidən təsəlliçilərsiniz.
Bu boş söhbətləriniz qurtaracaqmı?
Sizi nə vadar edir, belə danışırsınız?
Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim.
Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim.
Ağzım ürəkləndirici sözlər deyərdi,
Dilimdən təsəlliverici sözlər çıxarardım,
Mən sizi ovudardım.
 
Danışmağımla dərdim azalmır,
Susuram, nə dəyişir?
Ay Allah, məni taqətdən saldın,
Bütün külfətimi darmadağın etdin.
Sıxılıb əzilməyim buna şahiddir,
Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir.
 
Allah məni qəzəbi ilə parçalayır,
Mənə nifrət edir, dişlərini qıcıdır,
Düşmənim gözlərini mənə dikir.
10 Mənə qarşı insanlar dodaq büzür,
Həqarətlə üzümə şillə vurur,
Mənə qarşı əlbir olur.
11 Allah məni haqsızlara təslim etdi,
Pislərin əlinə verdi.
12 Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı,
Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi.
13 Onun oxçuları ətrafımı aldı,
Aman vermədən böyrəklərimi deşdilər,
Ödümü yerə tökdülər.
14 Bədənimə yara üstündən yara vurulur,
Cəngavər tək üzərimə yüyürürlər.
 
15 Əynimə çul tikmişəm,
Qürurumu yerə atmışam.
16 Ağlamaqdan üzüm qızardı,
Kirpiklərimin altı-üstü kölgə saldı.
17 Yenə də zalımlıq əlimdən gəlmir,
Sənə səmimiyyətlə dua edirəm.
 
18 Ey torpaq, qanımın üstünü örtmə,
Qoy heç nə mənim naləmi saxlamasın.
19 Lap indidən şahidim göylərdədir,
Himayədarım yüksəklərdədir.
20 Dostlarım məni ələ salır,
Gözlərim Allaha baxıb ağlayır.
21 Bəşər oğlu qonşusu üçün yalvardığı kimi
Biri də mən insandan ötrü qoy Allaha yalvarsın.
22 Çünki bir neçə il keçəndən sonra
Gedər-gəlməz yola gedəcəyəm.