17
Taqətim kəsilir, günlərim batır,
Məni məzar gözləyir.
Həqiqətən, ətrafıma rişxəndçilər yığılır,
Gözüm onların düşmənçiliyini görür.
 
Ey Allah, Öz hüzurunda mənə zəmanət ver.
Başqa kim var ki, mənə zamin dursun?
Çünki onların qəlbini anlayış üçün bağladın,
Ona görə onlara zəfər qazandırmayacaqsan.
Pul üçün dostlarını satanın
Övladlarının işığı sönəcək.
 
Allah məni insanların dilinə saldı,
Üzümə tüpürdülər.
Gözümün nuru kədərdən qaraldı,
Bütün əzalarım kölgə kimi qaldı.
Buna əməlisaleh insanlar mat qalıb,
Günahsızlar allahsızlara qarşı çıxır.
Saleh insanlar öz yolunu tutur,
Əlitəmiz olanlar getdikcə güclənir.
 
10 Amma hamınız qayıdıb gəlsəniz,
Aranızdan bir hikmətli insan tapmaram.
11 Günlərim ötüşdü,
Fikirlərim, arzularım pərən-pərən düşdü.
12 Onlar gecəni gündüzə çevirir,
“Zülmətə işıq yaxındır” deyir.
13 Əgər ölülər diyarını evimdir deyə gözləsəm,
Yatağımı qaranlıqda sərsəm,
14 Qəbirə “atam sənsən”,
Qurda “anam-bacım sənsən” desəm,
15 Ümidim hara gedər?
Mənim ümidimi kim görər?
16 Ümid mənimlə ölülər diyarınamı düşər?
Mənimlə birgə torpaq altınamı girər?»