18
Bildad
1 Şuahlı Bildad belə cavab verdi:
2 «Bu sözlər nə vaxt qurtaracaq?
Əgər dərrakəli olsanız, danışarıq.
3 Niyə heyvana bənzəyək?
Gözlərinizə axmaq kimi görünək?
4 Özünü hirsindən didib-dağıdırsan.
Sənə görə bu aləmdən vaz keçəkmi?
Yoxsa sal qayalar yerindən çıxsın?
5 Bəli, şər insanın işığı sönəcək,
Odu-alovu parlamayacaq.
6 Çadırında nur qaranlığa dönəcək,
Yanındakı çıraq sönəcək.
7 Addımları gücdən düşəcək,
Öz işlətdiyi fənddən yıxılacaq.
8 Ayaqları onu tələyə aparacaq,
Öz ayağı ilə tora düşəcək.
9 Kəmənd topuğundan tutacaq,
Tələ açılıb onu qapacaq.
10 Torpaq üstə onun üçün gizli kəmənd səriləcək,
Yolu üstə onu tələ gözləyəcək.
11 Dəhşət onu hər tərəfdən bürüyəcək,
Hər addımda onu təqib edəcək.
12 Aclıq taqətini yeyib-qurtaracaq,
Yanında fəlakət hazır dayanacaq.
13 Dərisini azar yeyəcək,
Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək.
14 Əmin-amanlıq çadırından atılacaq,
Dəhşətlər padşahının yanına aparılacaq.
15 Çadırında ona aid heç nə olmayacaq,
Yurduna kükürd yağacaq.
16 Aşağıda rişələri quruyacaq,
Yuxarıda budaqları solacaq.
17 Onun adı yer üzündə unudulacaq,
Məhəllə-küçələrdə adı yaddan çıxacaq.
18 İşıqdan zülmətə aparılacaq,
Dünyadan qovulacaq.
19 Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq,
Məskənində bir kimsəsi qalmayacaq.
20 Qərbdəkilər halına heyrətlənəcək,
Şərqdəkilər onu görüb dəhşətə gələcək.
21 Bəli, pislərin həyatının aqibəti budur,
Allahı tanımayanların məskəni budur».