20
Altı sığınacaq şəhər
Rəbb Yeşuaya dedi: «İsrail övladlarına söylə: “Özünüz üçün Musa vasitəsilə dediyim sığınacaq şəhərləri seçin ki, bilmədən, səhvən bir adamı öldürən qatil oraya qaçsın. Ora sizin üçün qan qisasını alan adamdan sığınacaq yeri olsun. Qoy qatil bu şəhərlərdən birinə qaçsın, şəhər qapısının girəcəyində dursun. Orada o şəhərin ağsaqqallarına öz əməlini söyləsin. Onlar da onu şəhərə, yanlarına aparsınlar və yer versinlər ki, onlarla yaşasın. Əgər qan qisası alan onu təqib edərsə, o zaman qatili ona təslim etməsinlər, çünki qonşusunu bilmədən öldürmüşdür, əvvəldən onunla ədavəti yox idi. Bu adam icma qarşısında hökm alana qədər və o dövrdə olan baş kahinin ölümünə qədər qoy bu şəhərdə yaşasın. Bundan sonra qatil qaçdığı şəhərə, öz şəhərinə, öz evinə qayıda bilər”».
Sığınacaq şəhər üçün Qalileyada, Naftalinin dağlıq bölgəsində Qedeşi, Efrayimin dağlıq bölgəsində Şekemi və Yəhudanın dağlıq bölgəsində Qiryat-Arbanı, yəni Xevronu ayırdılar. İordan çayının şərqində, Yerixonun şərqində isə Ruven qəbiləsinin torpağından yaylada yerləşən səhradakı Beseri, Qad qəbiləsinin torpağından olan Gileaddakı Ramotu, Menaşşe qəbiləsindən olan Başanda Qolanı ayırdılar. Bilmədən qətl edən hər bir kəs oraya qaçsın və icma qarşısında dayananadək qan qisasını alanın əli ilə öldürülməsin deyə bütün İsraillilərlə aralarında yaşayan yadellilər üçün təyin olunan şəhərlər bunlar idi.