21
Levililərə verilən şəhərlər
*Say. 35:1-8 O zaman Levililərin nəsil başçıları kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladları qəbilələrinin nəsil başçılarına yaxınlaşdılar. Kənan torpağında yerləşən Şiloda onlara belə dedilər: «Rəbb Musa vasitəsilə bizə yaşamaq üçün şəhərlər, heyvanlarımız üçün otlaqlar verməyi əmr edib». İsrail övladları Rəbbin əmrinə görə öz irs torpaqlarından bu şəhərləri və oranın otlaqlarını Levililərə verdilər.
Püşk Qohatdan olan nəsillərə düşdü. Levililərdən olan kahin Harun övladlarına Yəhuda, Şimeon və Binyamin qəbilələrindən püşk ilə on üç şəhər verildi. Digər Qohat övladlarına isə Efrayim qəbiləsinin nəsillərindən, Dan qəbiləsindən və Menaşşe qəbiləsinin yarısından püşk ilə on şəhər verildi.
Gerşon övladlarına İssakar qəbiləsi nəsillərindən, Aşer, Naftali qəbilələrindən, Başanda Menaşşe qəbiləsinin yarısından püşk ilə on üç şəhər verildi.
Nəsillərinə görə Merari övladlarına Ruven, Qad, Zevulun qəbilələrindən on iki şəhər verildi.
İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər. Onlara Yəhuda və Şimeon övladlarının qəbilələrindən adları göstərilən bu şəhərləri verdilər. 10 Bunlar Levililərdən olan Qohat övladlarından Harun övladları üçün idi, çünki ilk püşk onların idi. 11 Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər. 12 Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər.
13 Kahin Harun övladlarına qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Xevronla otlaqlarını, Livna ilə otlaqlarını, 14 Yattirlə otlaqlarını, Eştemoa ilə otlaqlarını, 15 Xolonla otlaqlarını, Devirlə otlaqlarını, 16 Ayin, Yutta, Bet-Şemeş şəhərləri ilə otlaqlarını. Bu, iki qəbilədən cəmi doqquz şəhər idi. 17 Binyamin qəbiləsindən isə bu şəhərləri verdilər: Giveonla otlaqlarını, Geva ilə otlaqlarını, 18 Anatotla otlaqlarını, Almonla otlaqlarını. Bu, dörd şəhər idi. 19 Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi.
20 Levililərdən olan digər Qohat övladlarına nəsillərinə görə püşklə düşən Efrayim qəbiləsinə aid şəhərləri verdilər. 21 Onlara Efrayimin dağlıq bölgəsində qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Şekemlə otlaqlarını, Gezerlə otlaqlarını, 22 Qivsayimlə otlaqlarını, Bet-Xoronla otlaqlarını verdilər. Bunlar cəmi dörd şəhər idi. 23 Dan qəbiləsindən bu şəhərləri verdilər: Elteqe ilə otlaqlarını, Gibbetonla otlaqlarını, 24 Ayyalonla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar da dörd şəhər idi. 25 Menaşşe qəbiləsinin yarısından isə bu şəhərləri verdilər: Taanakla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar isə iki şəhər idi. 26 Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi.
27 Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi. 28 İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını, 29 Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 30 Aşer qəbiləsindən Mişalla otlaqlarını, Avdonla otlaqlarını, 31 Xelqatla otlaqlarını, Rexovla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 32 Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi. 33 Nəsillərinə görə Gerşonluların bütün şəhərləri otlaqları ilə birlikdə on üç şəhər idi.
34 Levililərdən olan Merari övladlarının nəsillərinə bu şəhərləri verdilər: Zevulun qəbiləsindən Yoqneamla otlaqlarını, Qarta ilə otlaqlarını, 35 Dimna ilə otlaqlarını, Nahalalla otlaqlarını. Bunlar dörd şəhər idi. 36 Onlara Ruven qəbiləsindən Beserlə otlaqlarını, Yahsa ilə otlaqlarını, 37 Qedemotla otlaqlarını, Mefaatla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi; 38 Qad qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Gileaddakı Ramotla otlaqlarını, Maxanayimlə otlaqlarını, 39 Xeşbonla otlaqlarını, Yazerlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 40 Bunların hamısı Merari övladlarının, yəni Levililərdən qalan nəsillərin şəhərləri idi. Onların püşkü on iki şəhərə düşmüşdü.
41 İsrail övladlarının irsi arasında Levililərin bütün şəhərləri otlaqları ilə birlikdə qırx səkkiz şəhər idi. 42 Bu şəhərlərin hər birinin ətrafında otlaqları var idi. Şəhərlərin hamısı belə idi.
Vəd olunmuş torpağın İsrailə verilməsi barədə Rəbbin sözünün yerinə yetirilməsi
43 Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. Onlar bu torpağa sahib oldular və orada məskən saldılar. 44 Rəbb atalarına etdiyi anda görə hər şeydə onlara hər tərəfdən dinclik verdi və bütün düşmənlərindən heç biri onların qarşısında dura bilmədi. Rəbb bütün düşmənlərini onlara təslim etdi. 45 Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.

*21:1 Say. 35:1-8