21
Kahinlərə aid qanunlar
1 Rəbb Musaya dedi: «Harun nəslindən olan kahinlərə bəyan edib belə de: “Qoy kahinlər öz xalqı arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin; 2 ancaq kahinin yaxın qohumu – anası, atası, oğlu, qızı, qardaşı 3 *Yez. 44:25 yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə özünü murdar etməsin. 4 Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin.
5 *Lev. 19:27-28; Qanun. 14:1 Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar, 6 özlərinin Allahı üçün müqəddəs olsunlar və Onun adını ləkələməsinlər, çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə də müqəddəs olsunlar. 7 Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad almasın, çünki kahin Allahı üçün müqəddəsdir. 8 Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm. 9 Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın.
10 Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın. 11 Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin. 12 O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm. 13 Bu kahin bakirə qız alsın; 14 *Yez. 44:22 dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki, 15 onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”».
16 Rəbb Musaya dedi: 17 «Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam Allahına pay təqdim etmək üçün yaxınlaşmasın. 18 Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın: nə kor, nə axsaq, nə eybəcər, nə əlil, 19 nə əl-ayağından şikəst, 20 nə qozbel, nə cırtdanboy, nə gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam, 21 yəni kahin Harunun nəslindən bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın. 22 Belə adam Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər. 23 Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”».
24 Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi.