15
İnsanı murdar edən nədir?
(Mark 7:1-23)
1 Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: 2 «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?» 3 İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? 4 *Çıx. 20:12; 21:17; Lev. 20:9; Qanun. 5:16Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 5 Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, 6 onda atasına*Atasına – bəzi əlyazmalarda ata-anasına. hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. 7 *Yeş. 29:13Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:
8 “Bu xalq dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
9 Boş yerə Mənə səcdə edirlər,
İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
10 İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin. 11 Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir». 12 O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər».†İncidilər – hərfi tərcümədə büdrədilər. 13 Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq. 14 *Luka 6:39Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».
15 Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et». 16 İsa dedi: «Siz də hələ dərk etməmisiniz? 17 Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur? 18 *Mat. 12:34Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. 19 Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. 20 İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».
Kənanlı qadının imanı
(Mark 7:24-30)
21 İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. 22 Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. 23 İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. 24 Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». 25 Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». 26 İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 27 Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». 28 O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.
İsa dörd min nəfəri doydurur
(Mark 8:1-10)
29 İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu. 30 Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi. 31 Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.
32 İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər». 33 Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?» 34 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var». 35 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. 36 Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. 37 Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 38 Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. 39 İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.
*15:4 Çıx. 20:12; 21:17; Lev. 20:9; Qanun. 5:16
*15:6 Atasına – bəzi əlyazmalarda ata-anasına.
†15:12 İncidilər – hərfi tərcümədə büdrədilər.