6
Düşmənlərin fənd işlətməsi
1 Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım. 2 Sanballat və Geşem yanıma adam göndərib dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislik etmək niyyətində idi. 3 Mən onların yanına qasid göndərib dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?» 4 Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim. 5 Sanballat beşinci dəfə nökərini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənməmiş namə var idi. 6 Məktubda belə yazılmışdı:
«Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən. 7 “Yəhudada padşah var” deyə özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmisən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək».
8 O vaxt Sanballatın yanına adam göndərib dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan». 9 Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver!
10 Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər». 11 Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!» 12 Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu. 13 O məni qorxutmaq üçün muzdla tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar.
14 Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla!
Divarın tikintisinin tamamlanması
15 Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı. 16 Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidəndə qorxdular və öz gözlərində çox kiçildilər. Çünki onlar başa düşdülər ki, bu iş Allahımızın köməyi ilə edilib.
17 Həm də o günlər Yəhudanın əyanları Toviyaya çoxlu namə göndərirdi və Toviyadan da onlara cavablar gəlirdi. 18 Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı. 19 Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi.