9
Pasxa bayramının keçirilməsi
1 *Çıx. 12:1-13 İsrail övladları Misir torpağından çıxdıqdan sonra ikinci ilin birinci ayında Rəbb Sina səhrasında Musaya dedi: 2 «İsrail övladları Pasxa bayramını təyin olunmuş vaxtda qeyd etsinlər. 3 Onu ayın on dördüncü günündə, axşamçağı, təyin olunmuş vaxtda keçirin; onu bütün qaydalarına və hökmlərinə görə qeyd edin». 4 Beləcə Musa İsrail övladlarına əmr etdi ki, Pasxa bayramını keçirsinlər. 5 Sina səhrasında, birinci ayın on dördüncü günündə, axşamçağı Pasxa bayramını keçirtdilər. İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.
6 Ölüyə toxunub murdar olan adamlar vardı ki, o gün onlar Pasxa bayramını keçirə bilmədilər. Həmin gün bu adamlar Musa və Harunun yanına gəlib 7 belə dedilər: «Ölüyə görə biz murdarıq, nə üçün biz başqa İsrail övladları kimi Rəbbə qurban təqdim etməkdən məhrum olaq?» 8 Musa onlara dedi: «Dayanın, görüm Rəbb sizin barədə nə əmr edəcək».
9 Rəbb Musaya dedi: 10 «İsrail övladlarına belə de: “Əgər sizdən yaxud nəslinizdən bir nəfər ölüyə toxunub murdar olarsa yaxud uzaq yolda olarsa, yenə də Rəbbin Pasxa bayramını keçirtsin. 11 İkinci ayın on dördüncü günü axşamçağı Pasxa bayramını qeyd etsinlər. Pasxa qurbanını mayasız çörək və acı göyərti ilə yesinlər. 12 *Çıx. 12:46; Zəb. 34:20; Yəh. 19:36 Ondan sabaha qədər heç nə qalmasın və bir sümük belə qırılmasın. Pasxaya aid olan bütün qanunları icra etsinlər. 13 Amma kim ki pakdır, uzaq yolda deyil və Pasxanı keçirmirsə, öz xalqı arasından qovulsun; çünki təyin olunan vaxtda Rəbbin təqdimini gətirməmişdir, o adam günahının cəzasını çəksin.
14 Əgər sizinlə yaşayan bir yadelli Rəbbin Pasxa bayramını keçirmək istəyirsə, Pasxanı qaydalarına və hökmlərinə görə keçirsin; həm yadelli üçün, həm də yerli əhali üçün qayda bir olsun”».
Məskən üzərindəki bulud
(Çıx. 40:34-38)
15 Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər məskənin üzərindəki bulud alova oxşayırdı. 16 Daima belə oldu. Məskəni bürüyən bulud gecələr oda oxşayırdı. 17 *Çıx. 40:36 Bulud çadırın üzərindən qalxan zaman İsrail övladları köç edərdilər; əgər bulud harada dayanardısa, İsrail övladları da orada düşərgə salardılar. 18 Onlar Rəbbin əmrinə görə yola düşər və Rəbbin əmrinə görə də məskən salardılar. Nə vaxt bulud məskənin üzərində dayanardısa, onlar düşərgə saldıqları yerdə qalardılar.
19 Bulud uzun müddət çadırın üzərində dayananda İsrail övladları Rəbbin buyruğuna riayət edərdilər. 20 Bəzən bulud məskənin üzərində bir neçə gün görünərdi; onlar Rəbbin əmrinə görə düşərgə saldıqları yerdə qalar, yenə Rəbbin əmrinə görə yola düşərdilər. 21 Bəzən də bulud axşamdan səhərə kimi dayanırdı; səhər erkən bulud qalxdıqda yola düşərdilər. İstər gecə, istər gündüz olsun bulud qalxanda yola düşərdilər. 22 İstər iki gün olsun, istər bir ay və yaxud bir il, bulud məskən üzərində dayanıb qalanda İsrail övladları düşərgə saldıqları yerdə qalar, köç etməzdilər. Lakin qalxan zaman yola düşərdilər. 23 Rəbbin əmrinə görə düşərgə salardılar və Rəbbin əmrinə görə də yola düşərdilər. Musa vasitəsilə verdiyi əmrə görə Rəbbin buyruğuna riayət edərdilər.