6
Məzmur 6
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
1 *Zəb. 38:1 Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,
Hiddətlənib məni tənbeh etmə.
2 Ya Rəbb, mənə rəhm et,
Çünki taqətim qalmayıb.
Mənə şəfa ver, ya Rəbb,
Sümüklərim sızlayır.
3 Canıma vəlvələ düşüb.
Ya Rəbb, bu nə vaxtadək olacaq?
4 Ya Rəbb, gəl, mənə kömək et,
Məhəbbətin naminə məni xilas et!
5 Ölüb-gedən insan Səni xatırlamaz.
Axı ölülər diyarından kim Sənə şükür edəcək?
6 Öz ah-naləmdən bezmişəm,
Hər gecə ağlamaqdan döşəyim islanır,
Göz yaşlarımdan yatağım yaş olur.
7 Qəmdən gözümün nuru sönüb,
Gözlərim düşmənləri görməkdən zəifləyib.
8 *Mat. 7:23; Luka 13:27 Siz ey şər iş görənlər, məndən uzaq durun!
Çünki Rəbb hönkürtümü eşitdi,
9 O, yalvarışımı dinlədi,
Rəbb duamı qəbul etdi!
10 Bütün düşmənlərim rüsvay olacaq,
Canlarına vəlvələ salınacaq,
Xəcalət içində bir andaca geri qayıdacaq.