13
Məzmur 13
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Ya Rəbb, nə vaxtadək,
Yoxsa əbədilikmi məni unudacaqsan?
Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
Nə vaxtadək qəlbim qəmli olacaq?
Könlümdə hər günmü qubar qalacaq?
Nə vaxtadək düşmənim üstün olacaq?
 
Bax mənə, cavab ver, ey Allahım Rəbb!
Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.
Qoy düşmənlərim «uddum onu» deməsinlər,
Mən sarsılarkən şənlənməsinlər.
 
Sənin məhəbbətinə güvənirəm,
Qurtuluşunla qəlbim şadlanacaq.
Rəbbə ilahi nəğməmi oxuyacağam,
Çünki mənə comərdlik etdi.