39
Məzmur 39
Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.
1 Dedim: «Hər addımıma diqqət edəcəyəm,
Dilimlə günah etməkdən çəkinəcəyəm.
Pis adam qarşımda durarkən
Dilimi yüyənləyib dinməyəcəyəm».
2 Dilimi saxlayıb susdum,
Yaxşılığa belə, danışmadım.
Dərdlərim ağırlaşdı,
3 Köksümdəki qəlbimə köz doldu.
Dərin düşünəndə yanıb-yaxıldım,
Dilimlə belə dedim:
4 «Ya Rəbb, mənə bildir,
Aqibətim necə olacaq?
Ömrümün günləri nə qədər qalıb?
Qoy nə qədər fani olduğumu anlayım!
5 Budur, günlərim ovcuna sığdı,
Ömrüm qarşında heç oldu.
Bəli, insan sadəcə bir nəfəsdir.
Sela
6 Əlbəttə, insan kölgə kimi dolaşır,
Həqiqətən, o boş yerə çarpışır,
Var-dövlət yığır, kimə qalacağını bilmir.
7 Ey Xudavənd, indi mən nə gözləyim?
Mənim ümidim Sənsən!
8 Məni bütün təqsirlərimdən qurtar,
Məni axmaqların tənəsinə hədəf etmə.
9 Susdum, ağzımı açmadım,
Çünki Sən bunu etdin!
10 Göndərdiyin bəlanı mənim üstümdən götür,
Əlinin zərbəsindən gör necə əzildim.
11 İnsanı təqsirinə görə məzəmmət edən zaman
Arzularını güvə kimi dağıdırsan.
Bəli, insan sadəcə bir nəfəsdir.
Sela
12 Dinlə duamı, ya Rəbb, fəryadımı eşit!
Biganə qalma göz yaşlarıma.
Çünki Sənin yanında bir qəribəm,
Ata-babam kimi bir qonağam.
13 Bir azca nəzərini məndən çək,
Qoy köçüb getməzdən əvvəl dinc yaşayım».