40
Məzmur 40
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
1 Rəbbi səbir edərək gözlədim,
Mənə tərəf dönərək fəryadımı eşitdi.
2 O məni çamırlı quyudan,
Lilli bataqlıqdan çıxartdı.
Ayağımı qaya üzərində bərkitdi,
Hər addımımı möhkəm etdi.
3 Dilimə yeni bir nəğmə verdi,
İlahi ilə Allahımıza həmd etdim.
Bax nə qədər adam bunu görəcək,
Qorxub Rəbbə güvənəcək.
4 Rəbbə ümidlə arxalanan,
Təkəbbürlülərə üz tutmayan,
Bütlərə aldananlara qoşulmayan
İnsan nə bəxtiyardır!
5 Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur!
Bizə aid xariqələrin, düşüncələrin çoxdur.
Onlardan danışmaq istəsəm,
Belə deyərdim: «Sayı-hesabı yoxdur».
6 *İbr. 10:5-7 Qurbandan, təqdimdən xoşun gəlmədi,
Yandırma qurbanı, günah qurbanı tələb etmədin,
Amma mənim qulağımı açdın.
7 O zaman dedim: «Budur, gəlmişəm,
Sənin tumarında mənim haqqımda yazılıb.
8 Ey Allahım, Sənin iradəni yerinə yetirmək
Mənə zövq verir,
Qanunun qəlbimdədir».
9 Çoxlu camaat arasında salehliyini car çəkdim,
Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
10 Salehliyini qəlbimdə gizlətmədim,
Xilaskar olduğunu, sədaqətini söylədim.
Çoxlu camaat arasından
Məhəbbətini, həqiqətini gizli saxlamadım.
11 Ya Rəbb, mərhəmətini məndən əsirgəmə,
Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.
12 Çünki sonsuz bəlalar ətrafımı bürüdü,
Günahlarım mənə sarıldı.
Görə bilmirəm, çünki məndə ürək qalmadı,
Onlar başımın tükündən çoxdur.
13 Ya Rəbb, lütfünlə məni xilas et,
Ya Rəbb, dadıma tez çat!
14 Canımı almaq üçün qəsd quranlar
Qoy utanıb biabır olsunlar.
Pis günümdən zövq alanlar
Geri qovulub rüsvay olsunlar.
15 Mənə «Aha! Aha!» deyənlər
Xəcalət içində çaşıb qalsınlar.
16 Lakin Səni axtaranlar
Sənə görə qoy şad olub sevinsinlər.
Xilaskar olduğunu sevənlər
Daim «Qoy ucalsın Rəbb!» desinlər.
17 Budur, bir məzlum, bir fəqirəm,
Lakin Xudavənd qayğıma qalır.
Köməyim, xilaskarım Sənsən,
Ey Allahım, ləngimə!