46
Məzmur 46
Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi.
Allah bizə sığınacaqdır, qüvvətdir,
Dar gündə çox kömək edir.
Buna görə biz qorxmuruq:
Yer üzü alt-üst olsa belə,
Dağlar uçub dənizin köksünə aşsa belə,
Dalğalar kükrəyib qalxsa belə,
Vurub dağları yırğalasa belə,
Biz qorxmuruq.
Sela
 
Bir çay var ki suları Allahın şəhərinə axır,
Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
Allah bu şəhərin mərkəzində sarsılmaz durub,
Ona dan yeri söküləndə yardım edər.
Millətlər kükrəyər, ölkələr sarsılar,
Allah səsini çıxaranda dünya əriyər.
Ordular Rəbbi bizimlədir!
Yaqubun Allahı qalamızdır!
Sela
 
Gəlin, görün Rəbbin işlərini,
Dünyada etdiyi viranəliyi.
O, yerin ucqarlarınadək döyüşləri dayandırar,
Kamanları qırar, nizələri sındırar,
Döyüş arabalarını oda atar.
10 «Dayanın, bilin ki, Mən Allaham,
Millətlər arasında ucayam,
Yer üzündə ucayam!»
11 Ordular Rəbbi bizimlədir!
Yaqubun Allahı qalamızdır!
Sela