47
Məzmur 47
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.
Ey bütün xalqlar, əl çalın,
Cuşa gəlib Allaha nida edin!
Haqq-Taala Rəbb necə də zəhmlidir,
Bütün yer üzünün böyük Padşahıdır!
Onun sayəsində xalqlar bizə tabe olub,
O, ümmətləri ayaqlarımızın altına salıb.
Sevdiyi Yaqubun fəxri olan torpağı
Bizə mülk etmək üçün seçdi.
Sela
 
Allah nida ilə ucaldı,
Rəbb şeypur səsi ilə yüksəldi.
Tərənnüm edin Allahı, tərənnüm edin!
Tərənnüm edin Padşahımızı, tərənnüm edin!
 
Çünki Allah bütün yer üzünün Padşahıdır,
Onu ilahilərlə tərənnüm edin.
Allah Öz müqəddəs taxtında əyləşir,
Allah millətlərə padşahlıq edir.
İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün
Xalqların əsilzadələri yığılır,
Çünki yer üzünün sipərləri Allahındır.
O nə qədər ucadır!