57
Məzmur 57
Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı.
*1Şam. 22:1; 24:3 Şauldan qaçıb mağarada gizlənəndə.
Mənə rəhm et, ey Allah, mənə rəhm et!
Canımı götürüb Sənin yanına pənah gətirmişəm.
Bəlalar keçib-gedənəcən
Qanadlarının altına sığınacağam.
Allah-Taalanı çağırıram,
Mənim üçün hər şeyi verən Allahı çağırıram.
Göydən mənə qurtuluş göndərəcək,
Başımı yemək istəyəni rüsvay edəcək.
Sela
Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
Sanki aslanların arasındayam,
Yandırıb-yaxan adamların arasında yatıram.
Dişləri nizədir, oxdur,
Dilləri iti qılıncdır.
 
Ey Allah, göylər üzərində ucal!
Ehtişamın bütün yer üzərində olsun!
 
Yolumda tələ qurub canımı üzdülər,
Mənə qazdıqları quyuya özləri düşdülər.
Sela
 
Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb,
Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
Ey mənim ruhum, oyan!
Ey çəng və lira, oyan!
Qoy səhəri oyadım.
Ey Xudavənd, xalqlar arasında
Sənə şükür edəcəyəm.
Ümmətlər arasında
Səni tərənnüm edəcəyəm.
10 Məhəbbətin böyükdür, göylərə çatır,
Sədaqətin buludlara dəyir.
11 Ey Allah, göylər üzərində ucal!
Ehtişamın bütün yer üzərində olsun!

*^ 1Şam. 22:1; 24:3