93
Məzmur 93
Rəbb hökmranlıq edir, əzəmət libasıdır,
Rəbbin libasına qüdrət qurşanıb.
Dünya möhkəm durub, sarsılmazdır.
Ya Rəbb, taxtın əvvəldən qurulub,
Əzəldən var olan Sənsən.
 
Ya Rəbb, sellər çağlayır,
Şırıldayan sellər çağlayır,
Uğuldayan sellər çağlayır.
Gur suların uğultusundan da,
Dənizin güclü dalğalanmasından da,
Ucalarda olan Rəbb qüdrətlidir!
Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır,
Evinə müqəddəslik əbədi olaraq yaraşır.