94
Məzmur 94
1 Ya Rəbb, qisas alan Allah!
Ey qisas alan Allah, nurunu saç!
2 Ey dünyanın Hakimi, qalx,
Təkəbbürlülərin əvəzini ödə!
3 Ya Rəbb, nə vaxtadək pislər –
Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər?
4 Dillərindən lovğa sözlər tökülür,
Bütün şər iş görənlər öyünürlər.
5 Ya Rəbb, xalqını əzirlər,
Sənin irsindən olan adamlara zülm edirlər.
6 Dul qadını və qəribi öldürürlər,
Yetimləri qırırlar.
7 Belə deyirlər: «Rəbb heç nə görmür,
Yaqubun Allahı heç nə dərk etmir».
8 Dərk edin, ey xalqın nadanları!
Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
9 Qulaqları yaradan eşitməzmi?
Gözlərə quruluş verən görməzmi?
10 Məgər millətlərə təlim verən,
İnsanlara bilik öyrədən tənbeh etməzmi?
11 *1Kor. 3:20 Rəbb insanın düşüncələrini görər,
Bunların boş olduğunu bilər.
12 Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən,
Öz qanununu öyrətmisən!
13 Pislər üçün qəbir qazılanadək
Onu dar gündən çıxarıb dinclik verəcəksən.
14 Çünki Rəbb xalqını Özündən ayırmaz,
İrsini Öz əlindən verməz.
15 Yenə ədalətli hökmlər çıxarılacaq,
Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
16 Kim mənim üçün pislərə qarşı durar?
Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
17 Əgər Rəbb köməyim olmasaydı,
Canım sükut diyarına vaxtsız köçərdi.
18 Mən «ayağım büdrəyir» deyən zaman,
Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
19 Mən daxilən çox narahat olarkən
Təsəlli verərək məni fərəhləndirirsən.
20 Qanun bəhanəsi ilə şər quran
Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
21 Əlbir olub salehlərin canına qəsd qururlar,
Məhkum edib təqsirsizin qanına bais olurlar.
22 Amma Rəbb mənə qala oldu,
Allahım mənə sığınacaq bir qaya oldu!
23 Pislərin şər işlərini başlarına gətirəcək,
Pisliklərinə görə onları yox edəcək,
Bəli, Allahımız Rəbb onları yox edəcək!