113
Məzmur 113
Rəbbə həmd edin!
 
Ey Rəbbin qulları, həmd edin,
Rəbbin isminə həmd edin!
İndidən sonsuzadək
Rəbbin isminə alqış olsun!
Gündoğandan günbatanadək
Rəbbin ismi həmdə layiqdir!
Rəbb bütün millətlərdən ucadır,
Ehtişamı göylərdən yüksəkdir!
 
Allahımız Rəbbin misli varmı?
Ucalardakı taxtında oturan,
Göyə, yerə əyilərək baxan Odur.
* 1Şam. 2:8 O, yoxsulları toz-torpaqdan qaldırar,
Fəqirləri küllükdən çıxarar.
Onları əsilzadələrlə,
Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.
Sonsuz qadının evini tikər,
Ona övlad verməklə bəxtəvər ana edər.
 
Rəbbə həmd edin!

*113:7 1Şam. 2:8