139
Məzmur 139
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Ya Rəbb, məni yoxlayaraq tanıdın,
Oturuşumu-duruşumu Özün bilirsən,
Fikirlərimi uzaqdan duyursan.
Getməyimə, yatmağıma nəzarət edirsən,
Nə yollardan keçdiyimi bilirsən.
Sözlərimi dilə gətirməmişdən əvvəl,
Ya Rəbb, hamısını tamamilə bilirsən.
Hər yandan məni əhatə etmisən,
Öz əlini üzərimə qoymusan.
Bu bilik əsrarəngizdir, məndən yüksəkdir,
Bunu dərk edə bilmərəm.
 
Hara gedim ki, Ruhun orada olmasın?
Hara qaçım ki, hüzurunda olmayım?
Əgər göylərə çıxsam, Sən oradasan,
Ölülər diyarında yatsam, Sən oradasan.
Qanad alıb gündoğana uçsam belə,
Dənizi keçib günbatana qonsam belə,
10 Sənin sağ əlin bələdçim olacaq,
Sağ əlin məni qoruyacaq.
11 Desəm də: «Qoy zülmət məni bürüsün,
İşıq batsın, ətrafım gecəyə dönsün»,
12 Sənin qarşında zülmət batar,
Önündə gecə də gündüz kimi nur saçar.
Nurun, zülmətin Sənin üçün nə fərqi var?
 
13 Sən mənim daxili üzvlərimi yaratmısan,
Mənə ana bətnində quruluş vermisən.
14 Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan,
Ona görə şükür edirəm.
Nə qədər xariqəli işlər görmüsən!
Bunu ürəkdən yaxşı dərk edirəm.
15 Mən gizli bir yerdə yaranarkən,
Dünyanın dərin yerində yaranarkən
Bədənim Səndən gizli qalmadı.
16 Dünyaya gəlməzdən əvvəl
Sənin gözlərin məni gördü.
Ömrüm başlamazdan əvvəl
Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
 
17 Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur,
Onların sayı-hesabı yoxdur!
18 Saysaydım onları, qum dənələrindən çox olardı,
Oyananda yenə mən Səninləyəm.
 
19 Ey Allah, kaş ki pisləri qıraydın,
Qantökənlərin hamısı məndən uzaq olaydı,
20 Onlar Sənə qarşı pis niyyətlə danışır,
Düşmənlərin adına küfr edirlər!
21 Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi?
Əleyhdarlarından ikrah etmərəmmi?
22 Onlara tamamilə nifrət edirəm,
Onları özümə düşmən sayıram.
 
23 Ey Allah, məni yoxla, qəlbimi öyrən,
Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil.
24 Gör qəlbimdə pisliyə yol verirəmmi?
Əbədi yolda mənə rəhbər ol!