138
Məzmur 138
Davudun məzmuru.
1 Bütün qəlbimlə Sənə şükür edirəm,
«Allahlar»ın önündə Səni tərənnüm edirəm.
2 Müqəddəs məbədinə tərəf səcdə edirəm,
Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm.
Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.
3 Səni çağıranda mənə cavab vermisən,
Canıma taqət verib məni ürəkləndirmisən.
4 Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər,
Çünki ağzından çıxan kəlamları eşidiblər.
5 Rəbbin yollarını tərənnüm edəcəklər,
Çünki Rəbbin ehtişamı böyükdür.
6 Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar,
Amma lovğaları uzaqdan tanıyar.
7 Sıxıntı içində gəzsəm də,
Mənə həyat verirsən.
Düşmənin qəzəbinə qarşı əl qaldırırsan,
Məni sağ əlinlə qurtarırsan.
8 Rəbb mənə verdiyi vədə əməl edir.
Ya Rəbb, məhəbbətin əbədidir.
Öz əlinin işini tərk etmə!