2
Allahın ədalətli hökmü
1 *Mat. 7:1; Luka 6:37Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən. 2 Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır. 3 Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən? 4 Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir? 5 Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan; 6 *Zəb. 62:12; Sül. 24:12Allah hər kəsə əməlinə görə əvəzini verəcək: 7 dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, 8 özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək. 9 Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı, 10 yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək. 11 *Qanun. 10:17Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.
12 Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq. 13 Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır. 14 Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur. 15 Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir. 16 Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.
Yəhudilər və Qanun
17 Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən; 18 Onun iradəsini bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən; 19-20 əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən. 21 Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan? 22 «Zina etmə» dediyin halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan? 23 Qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan. 24 *Yeş. 52:5Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir».
25 Sünnətin yalnız o zaman faydası var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan. 26 Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır. 27 Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan. 28 Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil. 29 *Qanun. 30:6Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.