5
Oğlan:
Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm,
Ətriyyatlarımla mirramı yığmışam.
Şanı balını – öz balımı yemişəm,
Şərabımı və südümü içmişəm.
Qızın rəfiqələri:
Ay dostlar, yeyin,
Ay sevgililər, için, doyunca için!
Qız:
Yatsam da, qəlbim oyaq idi.
Qapını döyən sevgilimin səsi gəldi:
«Qapını aç, ay həmdəmim, ay yarım!
Ay göyərçinim, ay eyibsizim!
İslandı başım şehdən,
Saçım gecənin nəmindən».
Soyunmuşam paltarımı,
Geyinimmi təzədən?
Yumuşam ayaqlarımı,
Bulaşdırımmı yenidən?
Sevgilim əlini qapının deşiyindən uzatdı,
Onun üçün mənim köksüm oynadı.
Mən sevgilim üçün qapı açmağa qalxdım,
Əllərimə mirra damdı,
Barmaqlarımdan süzüldü,
Cəftə üstə töküldü.
Mən sevgilimə qapı açanda
Sevgilim çıxıb getmişdi.
O məni çağıranda huşumu itirmişdim.
Mən onu axtardım, tapa bilmədim,
Mən onu çağırdım, lakin cavab gəlmədi.
Şəhər asayişini qoruyanlar məni tapdılar,
Döyüb bədənimi yaraladılar,
Hasar keşikçiləri örpəyimi açdılar.
Ey Yerusəlimdəki qızlar, mən sizə and verirəm,
Tapsanız sevgilimi, deyin ona: «Mən eşq xəstəsiyəm».
Qızın rəfiqələri:
Ey gözəllər gözəli,
Sevgilinin digərlərindən fərqi nədir?
Onu fərqləndirən nədir?
Axı niyə bizə belə and verirsən?
Qız:
10 Sevgilim nur saçır, əlvan rənglidir,
O, on minlərin arasından seçilir.
11 Başı sanki saf qızıldır,
Qıvrım saçı qara qarğa tək qaradır.
12 Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır,
Süd içində yuyunmuşlar,
Öz yuvasında cəvahir tək görünərlər.
13 Yanaqları ətirli gülüstana oxşayır,
Hər yana ətir saçır,
Dodaqları zanbaqlara bənzəyir,
Ondan mirra tökülür.
14 Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır,
Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir.
15 Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan
Mərmər sütunlara oxşar.
Görkəmi Livanın dağları kimidir,
Nadir sidr ağacları kimidir.
16 Şirindillidir,
Təpədən dırnağadək gözəldir.
Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur,
Mənim yarım budur.