6
Qızın rəfiqələri:
Ey gözəllər gözəli, sevgilin hara gedib?
O hansı yana dönüb?
Səninlə birgə onu axtarmağa gedək.
Qız:
Sevgilim öz bağçasına –
Ətirli gülüstana gedib,
Bağçalarda sürüsünü otarmağa,
Zanbaq gülü toplamağa gedib.
Mən sevgilimin, sevgilim də mənimdir,
O, sürüsünü zanbaqlıq içərisində otarır.
Oğlan:
Ey yarım, sən
Tirsa şəhəri qədər gözəlsən,
Yerusəlim kimi sevimlisən,
Müzəffər ordu kimi möhtəşəmsən.
Gözlərini məndən ayır,
Onlar məni mat qoyur.
Saçların Gilead dağının yamaclarından
Tökülən keçi sürüsü tək qapqaradır.
Dişlərin yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb,
Bu qoyunların hamısının əkiz balası var,
Aralarında balasız olanı yoxdur.
Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
Altmış mələkə var,
Cariyələr səksənə çatır,
Kənizlər isə saysızdır.
Göyərçinimin, eyibsizimin tayı yoxdur,
Anasının yeganə qızıdır,
Onu doğanın canı-gözüdür.
Qızlar onu görərkən
Söyləyirlər: «Bəxtəvərsən!»
Mələkələr və cariyələr də onu mədh edir.
Qızın rəfiqələri:
10 Şəfəq saçan,
Ay tək gözəl, gün tək parlayan,
Müzəffər ordu kimi möhtəşəm olan kimdir?
Qız:
11 Mən qoz bağına endim,
Yaşıllaşan vadini görmək istədim.
Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi?
Bunu seyr edim.
12 Heç özüm də bilmədən ruhum məni apardı,
Şanlı xalqımın döyüş arabalarının üstünə qaldırdı.
Qızın rəfiqələri:
13 Qayıt, ey Şulam qızı, qayıt,
Qayıt, səni görək, qayıt.
Oğlan:
Maxanayim oyununa tamaşa etdiyiniz kimi
Niyə Şulam qızına baxmaq istəyirsiniz?