8
1 Kaş ki mənə ananın döşlərindən süd əmən
Bir qardaş kimi olaydın,
Küçədə səninlə rastlaşarkən səni öpərdim,
Heç kim məni qınamazdı.
2 Qarşına düşəydim, mənə öyüd verən
Anamın evinə aparaydım.
Şirin şərabdan, narımın şirəsindən
Sənə içirəydim.
3 Sevgilim sol əlini başımın altına salır,
Sağ əli ilə məni qucağına alır.
4 Ey Yerusəlimdəki qızlar, sizi and verirəm
Dişi ceyranlara, çöldəki marallara!
Bizi bu sevgidən oyatmayın, ayıltmayın,
Qoy könül istəyənəcən qalsın.
Qızın rəfiqələri:
5 Sevgilisinə söykənib çöldən gələn
Bu gözəl kimdir?
Qız:
Alma ağacı altda səni oyatdım.
Sən orada ananın bətninə düşmüsən,
Orada anan ağrı çəkib, səni doğub.
6 Məni qəlbinin başında, qolunun üstündə
Bir möhür kimi saxla.
Çünki sevgi ölüm qədər qüvvətlidir,
Qısqanclıq ölülər diyarı kimi möhkəmdir,
Onun odu alovlanır,
O, atəşdir, tamamilə yandırıb-yaxır.
7 Sevgini ümman sular söndürə bilməz,
Onu çağlayan çaylar batıra bilməz.
Bir insan sevgisi uğrunda var-yoxunu versə belə,
Hamı ona xor baxar.
Qızın rəfiqələri:
8 Bir kiçik bacımız var,
Hələ döşləri çıxmayıb.
Bacımıza elçi gələn gün
Onun üçün nə edək?
9 Əgər o, bir hasar olsaydı,
Biz üstünə gümüşdən bürc vurardıq.
Əgər o, bir qapı olsaydı,
Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq.
Qız:
10 Mən bir hasaram,
Döşlərim qüllələrə oxşar,
Ona görə yarımın gözləri məndən razı qalar.
11 Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi,
O bu bağı kirayəyə verirdi.
Məhsula görə hər kirayə alan
Ona min parça gümüş gətirməli idi.
12 Mənim də bağım var, onun sahibiyəm,
Ey Süleyman, min parça gümüş sənin olsun,
İki yüz gümüş kirayə alanlara qalsın.
Oğlan:
13 Sən, ey bağçalarda məskən salan gözəl,
Dostlar səni dinləyir,
Mənə də səsini eşitdir.
Qız:
14 Ey sevgilim, qaç,
Ətir saçan dağların üstündə,
Bir ahu, bir maral balası kimi ol.