YEŞAYA
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Yeşaya» Kitabının adı miladdan əvvəl VIII əsrin ikinci yarısında Yerusəlimdə yaşamış Yeşaya adlı böyük peyğəmbərin adı ilə bağlıdır. Yeşaya ibrani dilində «Rəbb xilas edir» mənasını verir. Kitabın belə adlanması müəyyən mənada kitaba bir mahiyyət verir.
Kitabı üç əsas hissəyə bölmək olar:
(1) 1-39-cu fəsillər cənub padşahlığı olan Yəhudanın qüvvətli qonşusu Aşşur ölkəsi tərəfindən təhdid edildiyi dövrə aiddir. Peyğəmbər alovlu nitqləri ilə xalqı və onun başçılarını salehliyə və doğru həyata çağırır. Yeşaya dönə-dönə xəbərdarlıq edirdi ki, Allaha itaətsizlik ölkənin dağılmasına və xalqın məhv olmasına səbəb olacaq. O həm də bütün dünyaya sülh və Davud nəslindən kamil padşah gələcəyini qabaqcadan xəbər verirdi.
(2) 40-55-ci fəsillər tarixi vəziyyətin dəyişməsini özündə əks etdirir. Bu fəsillər Yəhuda xalqının Babil əsarətində olduğu dövrə aiddir. Aşşurlulardan sonra Orta Şərqdə hakimiyyəti ələ keçirən Babillilər miladdan əvvəl 586-cı ildə Yerusəlimi zəbt edib əhalisini Babilə sürgün etdilər. Babil əsirliyi zamanı Yəhuda xalqı ümidini itirmiş və miskin hala düşmüşdü. Belə vəziyyətdə Yeşaya peyğəmbərlik edir ki, Allah Öz xalqını azad edəcək və onlar Yerusəlimdə yeni həyata başlayacaq. Bu fəsillər göstərir ki, tarixi idarə edən Allahdır və Onun Öz xalqına olan amalını başqa millətlər üçün də tətbiq etmək istəyir. Burada bütün millətlərin İsrail vasitəsilə xeyir-dua alacağından bəhs edilir.
(3) 56-66-cı fəsillərdə sürgündə olan yəhudilərin Yerusəlimdə yenidən yaşayacağı və Allahın Öz vədlərinə sadiq qalmasına əmin ola biləcəkləri bəyan edilir. Burada salehliyə və ədalətə əməl etməyə, Şənbə gününə düzgün riayət edilməsinə, qurban təqdiminə, duaya və oruca xüsusi diqqət yetirilir.
Kitabın məzmunu:
1:1–12:6 Xəbərdarlıq və vədlər
13:1–23:18 Millətlərin cəzalandırılması
24:1–27:13 Allahın dünyanı mühakimə etməsi
28:1–35:10 Sonrakı xəbərdarlıq və vədlər
36:1–39:8 Yəhuda padşahı Xizqiya və Aşşurlular
40:1–55:13 Təsəlli və ümid sözləri
56:1–66:24 Xəbərdarlıq və vədlər
1
*2Pad. 15:1-7; 2Saln. 26:1-23 *2Pad. 15:32-38; 2Saln. 27:1-9 *2Pad. 16:1-20; 2Saln. 28:1-27 *2Pad. 18:1–20:21; 2Saln. 29:1–32:33 Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.
Rəbb xalqına xəbərdarlıq edir
Ey göylər, eşidin,
Ey yer üzü, dinləyin!
Çünki Rəbb belə söylədi:
«Övladlar yetişdirib böyütdüm,
Amma onlar Mənə qarşı üsyankar oldular.
Öküz yiyəsini,
Eşşək də sahibinin təknəsini tanıyır,
Lakin İsrail xalqı Məni tanımır,
Xalqım anlamır».
 
Günah edən millətin,
Şər işlər görən xalqın,
Yolunu azmış nəslin,
Pozulmuş övladların vay halına!
Onlar Rəbbi tərk etdilər,
İsrailin Müqəddəsinə xor baxdılar,
Ondan üz döndərdilər.
 
Siz nə üçün yenə döyüləsiniz,
Niyə üsyan etməkdə davam edirsiniz?
Xoralar başınızı tamamilə bürüyüb,
Ürəyiniz azara düşüb.
Təpədən dırnağacan bədəniniz xəstədir,
Bir sağlam yeriniz yoxdur:
Yaralarınız, zədələriniz,
Yenə də vurulmuş yaralarınız
Təmizlənməmiş, sarılmamış,
Məlhəmlə yumşaldılmamışdır.
Ölkəniz viran qaldı,
Şəhərləriniz alışıb-yandı,
Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı.
Torpağınız kimsəsiz qalıb,
Sanki yad adamlar oranı talayıb.
Sion qızı bağdakı çardaq, bostandakı koma,
Mühasirəyə alınmış şəhər kimi tək qalıb.
*Yar. 19:24; Rom. 9:29 Əgər Ordular Rəbbi
Bizim üçün bir neçə adamı sağ qoymasaydı,
Biz Sodom kimi olardıq,
Homorraya bənzəyərdik.
 
10 Ey Sodom başçıları,
Rəbbin sözünü eşidin!
Siz, ey Homorra xalqı,
Allahımızın təlimini dinləyin!
11 *Amos 5:21-22 Rəbb deyir:
«Qurbanlarınız çoxalıb, Mənə nə?
Yandırma qoç qurbanlarından,
Bəslənmiş heyvanların piyindən doymuşam.
Buğa, quzu, təkə qanını istəmirəm.
12 Hüzuruma gələrkən
Əlinizdə bunları gətirməyinizi kim istədi?
Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.
13 Mənə artıq batil təqdimlər gətirməyin,
Buxur Məndə ikrah yaradır.
Pisliklə dolu
Təzə Ay mərasimlərinizə,
Şənbə günlərinizə,
Müqəddəs toplantılarınıza
Dözə bilmirəm!
14 Təzə Ay mərasimlərinizə,
Bayram günlərinizə
Ürəkdən nifrət edirəm.
Bunlar Mənə yük oldu,
Onları daşımaqdan yoruldum.
15 Siz əl açıb Mənə yalvaranda
Göz yumacağam.
Nə qədər çox dua etsəniz də,
Yenə qulaq asmayacağam.
Əlləriniz qanla doludur,
16 Yuyunub təmizlənin,
Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın,
Pislik etməkdən vaz keçin.
17 Yaxşılıq etməyi öyrənin,
Ədaləti axtarın,
Məzlumları qurtarın,
Yetimin haqqını qoruyun,
Dul qadını müdafiə edin».
 
18 Rəbb deyir:
«Gəlin indi birgə düşünək bu an,
Günahlarınız qıpqırmızı parça kimi görünsə də,
Onlar qar kimi ağ olacaq,
Tünd qırmızı rəngə çalsa da,
Onlar ağ yun kimi bəyaz olacaq.
19 İtaətkar olub sözə baxsanız,
Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.
20 Əgər üsyankar olub Məni rədd etsəniz,
Qılınc sizi yeyəcək».
Bu sözlər Rəbbin ağzından çıxıb.
Günahlı şəhər
21 Rəbbə sadiq şəhər
Necə də fahişəyə bənzər oldu!
Axı o, ədalətlə dolu idi,
Orada salehlik məskunlaşmışdı,
İndi isə qatillərlə doludur!
22 Gümüşünüz tullantıya çevrildi,
Şərabınıza su qatıldı.
23 Başçılarınız üsyankar olub oğrularla əlbirdir.
Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür.
Yetimin haqqını qorumur,
Dul qadını müdafiə etmək haqqında düşünmür.
 
24 Buna görə də Sahibimiz, Ordular Rəbbi,
İsrailin Qadir Allahı
Belə bəyan edir:
«Yağılarımı cəzalandırıb rahatlanacağam,
Düşmənlərimdən qisas alacağam.
25 Ey İsrail xalqı, sənə əlimi uzadacağam,
Paxırını gilabı ilə təmizləyəcəyəm,
Bütün çirkini yuyacağam.
26 Hakimlərini, məsləhətçilərini
Əvvəlki kimi geri qaytaracağam.
Sənə yenidən:
“Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
27 Sion ədalətlə,
Tövbə edən sakinləri salehliklə qurtulacaq.
28 Lakin üsyankarlarla günahkarlar
Birgə həlak olacaq,
Rəbbi tərk edənlər yox olacaq.
 
29 Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz,
Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
30 Yarpaqları solmuş palıd ağacına,
Susuz bağa dönəcəksiniz.
31 Güclü adam kətan qırıntısına oxşayacaq,
Gördüyü iş qığılcım kimi olacaq,
İkisi birlikdə yanacaq,
Onları söndürən olmayacaq.

*1:1 2Pad. 15:1-7; 2Saln. 26:1-23

*1:1 2Pad. 15:32-38; 2Saln. 27:1-9

*1:1 2Pad. 16:1-20; 2Saln. 28:1-27

*1:1 2Pad. 18:120:21; 2Saln. 29:132:33

*1:9 Yar. 19:24; Rom. 9:29

*1:11 Amos 5:21-22