32
Sanxerivin hücumu
(2Pad. 18:13-37; 19:14-19,35-37; Yeş. 36:1-22; 37:8-38)
Bu sədaqətli işlərdən sonra Aşşur padşahı Sanxeriv gəlib Yəhudaya girdi. O, qalalı şəhərlərə qarşı ordugah qurdu və onları ələ keçirmək istədi. Xizqiya Sanxerivin Yerusəlim üzərinə döyüşmək üçün gəldiyini gördükdə şəhərdən kənarda olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi. Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər. Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi, Davudun şəhərində olan qala yamacını da möhkəmləndirdi. Çoxlu silah və qalxan düzəltdi. O, xalqın üzərinə sərkərdələr qoydu, onları şəhər darvazası meydanında yanına topladı və onları ürəkləndirib dedi: «Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.
Bundan sonra Aşşur padşahı Sanxeriv yanında olan bütün qərargahı ilə Lakişin qarşısında dayanarkən Yerusəlimə, Yəhuda padşahı Xizqiyanın və Yerusəlimdə olan bütün Yəhudalıların yanına adamlarını göndərdi və onlar dedi: 10 «Aşşur padşahı Sanxeriv belə deyir: “Siz nəyə güvənirsiniz ki, Yerusəlimdə mühasirəyə oturursunuz? 11 ‹Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq› deyən Xizqiya sizi aclıqla və susuzluqla ölümə vermək üçün azdırmırmı? 12 O həmin Allahın səcdəgahlarını və qurbangahlarını aradan qaldıran, Yəhudaya və Yerusəlimə ‹bir qurbangahın önündə səcdə edəcəksiniz və onun üzərində buxur yandıracaqsınız› deyə əmr edən Xizqiyanın özü deyildimi? 13 Bütün ölkələrin xalqlarına mənim və atalarımın nə etdiyini bilmirsinizmi? O ölkələrin millətlərinin allahları öz torpaqlarını mənim əlimdən qurtara bildilərmi? 14 Atalarımın tamamilə məhv etdikləri o millətlərin bütün allahları arasında hansı biri öz xalqını əlimdən qurtara bildi ki, Allahınız sizi mənim əlimdən qurtara bilsin? 15 Qoy indi Xizqiya sizi aldatmasın və bu cür azdırmasın, ona inanmayın. Çünki heç bir millətin və heç bir ölkənin allahlarından heç biri öz xalqını mənim və atalarımın əlindən qurtara bilmədi. Sizin Allahınız da sizi mənim əlimdən qurtara bilməyəcək!”»
16 Sanxerivin adamları Rəbb Allaha və Onun qulu Xizqiyaya qarşı hələ çox şeylər söylədi. 17 O özü də İsrailin Allahı Rəbbi təhqir etmək üçün yazdığı məktublarda Ona qarşı belə dedi: «Ölkələrin millətlərinin allahları öz xalqlarını necə əlimdən qurtara bilmədilərsə, Xizqiyanın Allahı da xalqını mənim əlimdən qurtara bilməyəcək». 18 Onun adamları şəhəri almaq üçün divar üzərində olan Yerusəlim xalqını qorxudub dəhşətə salsınlar deyə onlara tərəf uca səslə Yəhudi dilində bağırdılar. 19 Yer üzü xalqlarının insan əllərinin işi olan allahlarına qarşı dedikləri sözləri Yerusəlimin Allahına qarşı da söylədilər.
20 Bundan ötrü padşah Xizqiya və peyğəmbər Amots oğlu Yeşaya dua edib göyə fəryad etdilər. 21 Rəbb bir mələk göndərdi və o, Aşşur padşahının ordugahında olan bütün igid döyüşçüləri, sərkərdələri və rəisləri məhv etdi. Aşşur padşahı biabırçılıqla öz ölkəsinə qayıtdı. O öz allahının məbədinə girdi və orada öz doğma oğullarından bəzisi onu qılıncla öldürdü. 22 Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu. 23 Onda çoxlu adam Yerusəlimə, Rəbbə hədiyyələr və Yəhuda padşahı Xizqiyaya dəyərli şeylər gətirdi. Bundan sonra Xizqiya bütün millətlərin gözündə ucaldı.
Xizqiyanın padşahlığının sonu
(2Pad. 20:1-3,12-21; Yeş. 38:1-3)
24 *2Saln. 32:31; 2Pad. 20:10-11; Yeş. 38:7-8 O günlərdə Xizqiya ölümcül xəstələndi. O, Rəbbə dua etdi, Rəbb də ona cavab verdi və ona bir əlamət göstərdi. 25 Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi. 26 Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü aşağı tutdu, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi.
27 Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli əşya üçün xəzinələr tikdi. 28 Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi. 29 O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi. 30 Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı. 31 Ancaq Babil hökmdarlarının ölkədə baş verən əlamət barədə soruşmaq üçün göndərdiyi elçilər gəldiyi zaman bu işdə Allah sınağa çəkib ürəyində olan hər şeyi bilmək üçün onu tərk etdi.
32 Xizqiyanın qalan işləri və sədaqətli əməlləri barədə peyğəmbər Amots oğlu Yeşayanın peyğəmbərliklərində, Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. 33 Xizqiya ataları ilə uyudu və onu Davud sülaləsinin qəbirlərinin yuxarısında basdırdılar. Öldüyü zaman bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar ona ehtiram göstərdilər. Onun yerinə oğlu Menaşşe padşah oldu.

*32:24 2Saln. 32:31; 2Pad. 20:10-11; Yeş. 38:7-8