26
Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı: «Padşah Aqrippa, Yəhudilərin məni ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram. Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as.
Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm. *Həv. 23:6; Fil. 3:5Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər. İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram. Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edirlər. Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır?
*Həv. 8:3; 22:4-5Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm. 10 Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim. 11 Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim.
12 Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə tərəf yola çıxdım. 13 Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm. 14 Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”. 15 Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam. 16 Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim. 17 Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, 18 onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”.
19 Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik etmədim. 20 *Həv. 9:18-20,28-29Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım. 21 Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər. 22 Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil. 23 *Yeş. 42:6; 49:6; 1Kor. 15:20Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək».
24 Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub». 25 Paul dedi: «Hörmətli Fest, mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram. 26 Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil. 27 Padşah Aqrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan». 28 Aqrippa Paula dedi: «Bu az müddətdə məni də inandıraraq məsihçi edəcəksən?» 29 Paul dedi: «İstər az, istər çox müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!»
30 Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdılar. 31 Bayıra çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir şey etmir». 32 Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə müraciət etmək istəməsəydi, azad edilə bilərdi».

*26:5 Həv. 23:6; Fil. 3:5

*26:9 Həv. 8:3; 22:4-5

*26:20 Həv. 9:18-20,28-29

*26:23 Yeş. 42:6; 49:6; 1Kor. 15:20