16
Allah manna və bildirçinləri göndərir
Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra ikinci ayın on beşinci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar. Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi. İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz».
*Yəh. 6:31 Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mənsə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox. Altıncı gün yığdıqları digər günlər yığdıqlarından ikiqat artıq olsun, o gün də onu hazırlasınlar».
Musa və Harun bütün İsrail övladlarına dedilər: «Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbdir. Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?» Musa dedi: «Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbdir; çünki sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır». Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir”».
10 Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər. 11 Rəbb Musaya dedi: 12 «Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm».
13 Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü. 14 Şeh buxarlananda səhrada, torpaq üzərində qırova bənzər nazik lopalar göründü. 15 *1Kor. 10:3 İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir. 16 Rəbbin əmri budur: hər adam yemək üçün özünə lazımi miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adambaşı bir omer götürsün».
17 İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı. 18 *2Kor. 8:13-15 Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı.
19 Musa İsrail övladlarına dedi: «Qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın». 20 Lakin bəziləri Musanın sözünə baxmayıb bundan səhərə qədər saxladılar. Saxladıqları yemək qurdlanıb iyləndi. Musa onlara qəzəbləndi. 21 İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi.
22 İsrail övladları altıncı gün bu yeməkdən ikiqat artıq, adambaşı iki omer yığdılar. İcma başçıları gəlib bunu Musaya bildirdilər. 23 *Çıx. 20:8-11 Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü – Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”». 24 İsrail övladları Musa onlara əmr etdiyi kimi yeməyi səhərə saxladılar. Onun içində nə qurd oldu, nə də iyləndi. 25 Musa dedi: «Bu gün o yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız. 26 Siz onu altı gün ərzində yığın; yeddinci gün – Şənbə günü o yemək yox olacaq».
27 Xalqın bəziləri yeddinci gün yemək yığmağa çıxdılar, amma tapmadılar. 28 Rəbb Musaya dedi: «Nə vaxta qədər əmrlərimə və qanunlarıma itaət etməkdən boyun qaçıracaqsınız? 29 Baxın Rəbb sizə Şənbə günü verdi. Buna görə də O sizə hər altıncı gün iki günlük yemək verir. Qoy hər kəs öz evində qalsın və yeddinci gün heç yerə çıxmasın». 30 Beləcə xalq yeddinci gün istirahət etdi.
31 *Say. 11:7-8 İsrail xalqı bu yeməyin adını «manna»*Manna – ibrani dilində nədir. Bax: Çıx. 16:15. qoydu. O, görünüşcə keşniş toxumu kimi idi, rəngi ağ, dadı isə ballı yuxaya bənzəyirdi. 32 Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun”». 33 *İbr. 9:4 Musa Haruna dedi: «Bir qab götür, ona omer dolu manna qoy. Bu Rəbbin hüzurunda nəsildən-nəslə qorunub saxlanmalıdır».
34 Rəbbin Musaya əmr etdiyi kimi Harun onu şəhadət lövhələrinin önündə qoruyub saxladı. 35 *Yeşua 5:12; 1Kor. 10:3 İsrail övladları qırx il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər. 36 Bir omer efanın onda bir hissəsidir.

*16:4 Yəh. 6:31

*16:15 1Kor. 10:3

*16:18 2Kor. 8:13-15

*16:23 Çıx. 20:8-11

*16:31 Say. 11:7-8

*16:31 Manna – ibrani dilində nədir. Bax: Çıx. 16:15.

*16:33 İbr. 9:4

*16:35 Yeşua 5:12; 1Kor. 10:3