26
Sur şəhərinin əleyhinə peyğəmbərlik
*Yeş. 23:1-18; Yoel 3:4-8; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14 Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, Yerusəlimə qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər dağıldı, darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”. Bu sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı gəlirəm. Dəniz necə dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti sənin üstünə coşduracağam. Onlar Surun divarlarını dağıdacaq və qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya çevirəcəyəm. Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər üçün qarət malı olacaq. Oraya tabe olan sahil şəhərlərində yaşayanlar qılıncla öldürüləcək. Onda biləcəklər ki, Rəbb Mənəm”.
Xudavənd Rəbb belə deyir: “Mən padşahlar padşahı olan Babil padşahı Navuxodonosoru atlar, döyüş arabaları, süvarilər, qoşun və çoxlu xalqla birgə şimaldan Surun üstünə gətirəcəyəm. Ey Sur, o sənə tabe olan sahil şəhərlərində yaşayanları qılıncla öldürəcək, sənə qarşı mühasirə divarları, torpaq qalağı quracaq və sipərini əleyhinə qaldıracaq. Sənin divarlarını vurub-dəlmək üçün qoçbaşı alətləri quracaq, baltaları ilə qüllələrini uçuracaq. 10 Atları çox olduğu üçün onların tozu səni örtəcək. Divarlarında oyuq açılmış bir şəhərə girilən tək sənin darvazalarından girdikləri zaman atlıların, təkərlərin və döyüş arabalarının gurultusundan divarların titrəyəcək. 11 O öz atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, xalqını qılıncla öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq. 12 Onlar sərvətini talan edəcək, ticarət mallarını qarət edəcək. Sənin divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq, daşlarını, taxtalarını və töküntülərini suya atacaqlar. 13 *Yeş. 24:8; Vəhy 18:22 Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək. 14 Səni çılpaq bir qayaya çevirəcəyəm, torların sərildiyi bir yer olacaqsan. Bir daha tikilməyəcəksən”, çünki Mən Rəbb bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
15 Xudavənd Rəbb Sura belə deyir: “Səndə qırğın olanda, yaralılar inildəyəndə dağılmağının gurultusundan sahil xalqları titrəməyəcəkmi? 16 *Vəhy 18:9-10 Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək. 17 Onlar sənin üçün mərsiyə oxuyub deyəcək:
‹Dənizçilərin yaşadığı məşhur şəhər,
Sən necə məhv oldun?
Dənizdə güclü idin.
Sən və sənin əhalin
Sahildə yaşayanların hamısını
Dəhşətə salmışdınız.
18 İndi dağıldığın gün
Adalar titrəyir,
Adalarda yaşayanlar
Sənin yıxılmağından heyrətə düşür›”.
19 Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə 20 qəbirə enənlərlə birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim. 21 *Vəhy 18:21 Aqibətini dəhşətli edəcəyəm. Sən artıq yox olacaqsan. Səni axtaracaq, ancaq tapmayacaqlar” Xudavənd Rəbb belə bəyan edir».

*26:1 Yeş. 23:1-18; Yoel 3:4-8; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14

*26:13 Yeş. 24:8; Vəhy 18:22

*26:16 Vəhy 18:9-10

*26:21 Vəhy 18:21