HUŞƏ
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
Huşə peyğəmbər İsrailin şimal padşahlığının paytaxtı Samariyada vəz edirdi. O, miladdan əvvəl 721-ci ildə Aşşurlular tərəfindən zəbt edilən Samariyanın süqutundan qabaq yaşamışdı. Huşə xüsusilə İsrail xalqının bütpərəstliyinə və Allaha sadiq qalmamasına görə narahat idi. İsrail xalqı bütpərəstliyə tərəf dönmüşdü. Huşə öz uğursuz nikahının nümunəsində İsrailin Allaha xəyanət etməsini cəsarətlə təsvir edir. Huşənin arvadı Qomer ərinə vəfasız olub onu tərk etdiyi kimi Allahın xalqı da vəfasız çıxıb Ondan üz döndərmişdi. Buna görə də İsrail cəzasını alacaq. Amma Allahın məhəbbəti üstün olacaq:
«Ey İsrail, səni necə təslim edim?
…Köksümdə ürəyim alt-üst oldu,
Mərhəmət hisslərim alovlandı» (11:8).
Huşə dövrünün ictimai-siyasi vəziyyəti barədə də danışır. O, İsrailin başqa dövlətlərə deyil, Allaha güvənməsini istəyir.
Kitabın məzmunu:
1:1–3:5 Huşənin nikahı və ailəsi
4:1–13:16 Rəbbin İsraili məzəmmət etməsi
14:1-9 Rəbbin İsraili tövbəyə çağırması və vədlər verməsi
1
1 *2Pad. 15:1-7; 2Saln. 26:1-23 *2Pad. 15:32-38; 2Saln. 27:1-8 *2Pad. 16:1-20; 2Saln. 28:1-27 *2Pad. 18:1–20:21; 2Saln. 29:1–32:33 *2Pad. 14:23-29 Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.
Huşənin arvadı və uşaqları
2 Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir». 3 Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu. 4 *2Pad. 10:11 Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam. 5 Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam».
6 Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama*Lo-Ruxama – ibrani dilində mərhəmət tapmamış. qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. 7 Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».
8 Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu. 9 Rəbb dedi: «Onun adını Lo-Ammi†Lo-Ammi – ibrani dilində xalqım deyil. qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.
10 *Rom. 9:26 Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. 11 Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel‡İzreel – ibrani dilində Allah əkir mənasında olub inkişaf və rifah deməkdir. günü möhtəşəm bir gün olacaq.
*1:1 2Pad. 15:1-7; 2Saln. 26:1-23
*1:1 2Pad. 15:32-38; 2Saln. 27:1-8
*1:1 2Pad. 16:1-20; 2Saln. 28:1-27
*1:1 2Pad. 18:1–20:21; 2Saln. 29:1–32:33
*1:6 Lo-Ruxama – ibrani dilində mərhəmət tapmamış.
†1:9 Lo-Ammi – ibrani dilində xalqım deyil.
‡1:11 İzreel – ibrani dilində Allah əkir mənasında olub inkişaf və rifah deməkdir.