11
Allahın İsrailə məhəbbəti
*Çıx. 4:22; Mat. 2:15 İsrail uşaq ikən onu sevdim,
Öz oğlumu Misirdən çağırdım.
Peyğəmbərlər İsraili çağırdıqca
İsrail onlardan uzaqlaşdı.
Baal bütlərinə qurban kəsdilər,
Oyma bütlərə buxur yandırdılar.
Efrayimə gəzməyi Mən öyrətdim,
Onları qollarım üstünə aldım.
Ancaq bilmədilər ki,
Onlara Mən şəfa verdim.
Onları insani tellərlə,
Sevgi bağları ilə Özümə çəkdim.
Onlar üçün çənələrindən boyunduruğu qaldıran
Bir kəs oldum,
Əyilib onlara yemək verdim.
 
Məgər Misirə qayıtmayacaqlar?
Aşşur onlara padşah olmayacaq?
Çünki onlar Mənə üz tutmaq istəmədilər.
Şəhərlərinin içində qılınc fırlanacaq,
Onların qapı sürgülərini qıracaq.
Fitnələri üzündən onları yeyib-qurtaracaq.
Xalqım Məndən üz döndərməyi qərara alıb.
Haqq-Taalanı çağırsalar da,
Onları heç vaxt ucaltmayacaq.
 
*Qanun. 29:23 Ey Efrayim, səni necə əldən verim?
Ey İsrail, səni necə təslim edim?
Admaya etdiyimi sənə necə edim?
Səni necə Sevoyim kimi edim?
Köksümdə ürəyim alt-üst oldu,
Mərhəmət hisslərim alovlandı.
Mən qızğın qəzəbimlə rəftar etmərəm,
Efrayimi artıq məhv etmərəm.
Çünki Mən Allaham, insan deyiləm,
Aranızda Müqəddəs Olanam.
Qəzəblə üzərinizə gəlmərəm.
10 Onlar aslan kimi nərə çəkən
Rəbbin arxasınca gedəcək.
O nərə çəkəndə
Övladları qərbdən titrəyərək gələcək.
11 Misirdən quşlar kimi,
Aşşur ölkəsindən göyərçinlər kimi
Titrəyərək gələcəklər.
Onları evlərində sakin edəcəyəm»
Rəbb belə bəyan edir.
İsrailin günahı
12 Efrayim yalanla, İsrail nəsli hiylə ilə
Ətrafımı bürüdü.
Amma Yəhuda hələ də Allahla birgə gedir,
Müqəddəs Olana sadiqdir.
 

*11:1 Çıx. 4:22; Mat. 2:15

*11:8 Qanun. 29:23