10
 1 İsrail bir qollu-budaqlı meynədir ki,  
Bol-bol bar gətirir.  
Ancaq barı artdıqca  
Qurbangahları da artırdı.  
Torpağı bərəkətli olduqca  
Daha gözəl olan müqəddəs daşları da düzəltdi.   
 2 Onların ürəkləri yalanla doldu,  
Günahlarına görə də cəzalanacaqlar.  
Rəbb onların qurbangahlarını dağıdacaq,  
Müqəddəs daşlarını sındıracaq.   
 3 Onda onlar deyəcək:  
«Bizim padşahımız yoxdur,  
Çünki biz Rəbdən qorxmadıq.  
Padşahımız olsa da,  
Bizə nə edəcəkdi?»   
 4 Əhd bağlayanda boş vədlər verir,  
Yalandan and içirlər.  
Buna görə də məhkəmə işləri  
Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür.   
 5 Samariya sakinləri  
Bet-Avendəki dana bütlərinə görə  
Qorxuya düşəcək.  
Onun üçün xalqı yas tutacaq.  
Onun calalı ilə coşan kahinləri  
Sürgünə aparıldığı üçün ağlayacaq.   
 6 Büt özü Aşşura – böyük padşaha  
Hədiyyə aparılacaq.  
Efrayim biabır olacaq,  
İsrail aldığı məsləhətdən utanacaq.   
 7 Samariya və onun padşahı  
Su üstündəki çubuq kimi  
Axıb-gedəcək.   
 8 *Luka 23:30; Vəhy 6:16  İsrailin günahı olan  
Avendəki *Aven – burada Bet-El, Allahın evi şəhəri pislik mənası verən bu sözlə adlandırılır. səcdəgahlar yox olacaq,  
Onun qurbangahlarında  
Tikan və qanqal bitəcək.  
O zaman dağlara «Bizi örtün!»,  
Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.   
 9 *Hak. 19:1-30  «İsrail Giveada keçirdiyi  
Günlərdən bəri günah etdi.  
Orada öz işlərini davam etdirdilər.  
Şər adamlara qarşı müharibə  
Onları Giveada yaxalamazmı?   
 10 Mən istədiyim zaman  
Onları cəzalandıracağam.  
Xalqlar onlara qarşı birləşib,  
İkiqat cinayətlərindən ötrü  
Onları əsir edəcək.   
 11 Efrayim əhliləşmiş,  
Taxıl döyməyi sevən düyəyə bənzər.  
Mən onun incə boynunu əsirgədim.  
İndi isə Efrayimi sürdürəcəyəm.  
Yəhuda yer şumlasın,  
Yaqub isə dırmıq çəksin.   
 12 *Yer. 4:3  Özünüz üçün salehlik əkin,  
Məhəbbət bəhərini biçərsiniz.  
Dincə qoyulmuş torpağınızı şumlayın,  
Çünki Rəbbi axtarmaq vaxtıdır.  
Nəhayət, O gəlib üstünüzə  
Salehliyin nemətlərini yağdıracaq.   
 13 Amma siz pislik əkib,  
Qəbahət biçdiniz.  
Yalanın bəhərini yediniz.  
Çünki öz üsulunuza,  
Çoxlu cəngavərlərinizə güvəndiniz.   
 14 Xalqınızın içində müharibə gurultusu qopacaq,  
Bütün qalalarınız dağılacaq,  
Necə ki Şalman müharibə günündə  
Bet-Arbeli dağıtdı,  
Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.   
 15 Ey Bet-El, pisliyinin çoxluğu üzündən  
Səninlə də belə rəftar ediləcək.  
Dan ağaranda İsrail padşahı həlak olacaq.