6
Yeddi möhür
1 Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini eşitdim. 2 *Zək. 1:8; 6:2-3,6Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın.
3 Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini eşitdim. 4 Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi.
5 Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var. 6 Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır;*Bir xiniks … dinaradır – yəni bir litr buğda, yaxud üç litr arpa fəhlənin bir günlük əmək haqqına satılır. amma zeytun yağına və şəraba ziyan vurma».
7 Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim. 8 *Yez. 14:21Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar.
9 Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. 10 Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» 11 Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
12 *Yeş. 13:10; Yoel 2:10,31; 3:15; Mat. 24:29; Mark 13:24-25; Luka 21:25; Vəhy 11:13; 16:18Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu. 13 *Yeş. 34:4Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü. 14 *Vəhy 16:20Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi. 15 *Yeş. 2:19-21Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib 16 *Huşə 10:8; Luka 23:30dağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin. 17 *Yoel 2:11; Mal. 3:2Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?»
*6:6 Bir xiniks … dinaradır – yəni bir litr buğda, yaxud üç litr arpa fəhlənin bir günlük əmək haqqına satılır.
*6:12 Yeş. 13:10; Yoel 2:10,31; 3:15; Mat. 24:29; Mark 13:24-25; Luka 21:25; Vəhy 11:13; 16:18