13
Allah Babili cəzalandıracaq
1 *Yeş. 47:1-15; Yer. 50:1–51:64 Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:
2 Çılpaq dağın zirvəsinə bayraq sancın!
Döyüşçüləri bərkdən səsləyin,
Əl edin ki, onlar
Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.
3 Mən seçdiklərimə əmr verdim,
Qəzəbimi düşmənlərə tökmək üçün
Cəsur cəngavərləri,
Ucalığımla öyünən igidləri səslədim.
4 Dağlardakı izdihamın gurultusunu eşidin,
Bu, böyük bir xalqın səsinə bənzər.
Bir yerə toplanan millətlərin,
Padşahlıqların nidasını dinləyin!
Ordular Rəbbi bir ordunu döyüşə çağırır!
5 Onlar uzaq ölkədən,
Üfüqlərin o biri tərəfindən gəlir.
Ölkəni tamamilə yerlə yeksan etmək üçün
Rəbb və Onun qəzəbinin silahı gəlir.
6 *Yoel 1:15 Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır.
O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir!
7 Buna görə hamının əlləri yanına düşəcək,
Hər kəs qorxub ürəyini yeyəcək.
8 Hər bir adamı dəhşət bürüyəcək,
Dərd və iztirab içində boğulacaq,
Doğan qadın kimi ağrı çəkəcək,
Çaşqın-çaşqın bir-birinə baxacaq,
Üzləri qızaracaq.
9 Budur Rəbbin günü gəlir,
Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki,
Yeri səhraya döndərsin,
Oradakı günahkarları məhv etsin.
10 *Yez. 32:7; Yoel 2:10,31; 3:15; Mat. 24:29; Mark 13:24-25; Luka 21:25; Vəhy 6:12-13; 8:12 Göydəki ulduzlar və bürclər işıq verməyəcək,
Günəş doğarkən tutulacaq,
Ay nurunu saçmayacaq.
11 Rəbb deyir: «Pisliyə görə dünyanı,
Günahlarına görə pis adamları cəzalandıracağam.
Təkəbbürlülərin qürurunu qıracağam,
Zalımların məğrurluğunu alçaldacağam.
12 İnsan saf qızıldan da az olacaq,
Adam Ofir qızılından da nadir halda tapılacaq.
13 Buna görə də Mən Ordular Rəbbi,
Qızğın qəzəb günündə
Qeyzlə göyləri titrədəcəyəm,
Yer üzü lərzəyə gələcək.
14 Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb
Öz xalqının yanına qayıdacaq,
Öz vətəninə qaçacaq.
15 Bütün tutulanların bədəni dəlik-deşik olacaq,
Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək.
16 Onların gözləri önündə körpələri parça-parça ediləcək,
Evləri talan ediləcək,
Arvadlarının namusuna toxunulacaq.
17 Gümüşə qiymət verməyən,
Qızılı sevməyən Midiyalıları
Onlara qarşı qaldıracağam.
18 Ox-kamanları gəncləri parça-parça edəcək,
Körpələrə rəhm etməyəcəklər,
Uşaqları əsirgəməyəcəklər.
19 *Yar. 19:24 Mən Allah Sodomla Homorranı necə dağıtdımsa,
Padşahlıqların ən gözəli olan,
Xaldeylilərin calalı və qüruru olan
Babili də elə yıxacağam.
20 *Yer. 50:39 Orada bir daha heç kim yaşamayacaq,
Nəsildən-nəslə kimsə məskunlaşmayacaq.
Ərəblər çadırlarını qurmayacaq,
Çobanlar sürülərini orada saxlamayacaq.
21 *Vəhy 18:2 Ora vəhşi heyvanların yaşadığı yer olacaq,
Bayquşlar evlərdə qaynaşacaq,
Orada dəvəquşular məskən salacaq,
Təkələr oynaşacaq.
22 Saraylarında goreşənlər çığıracaq,
Gözəl imarətlərində çaqqallar gəzəcək.
Babilin sonu yaxınlaşır,
O günlər tez gəlib çatacaq».