62
Sionun yeni adı
Salehliyi nur kimi saçanadək,
Qurtuluşu məşəl tək yananadək
Sion naminə susmayacağam,
Yerusəlim naminə sakit durmayacağam.
*Yeş. 65:15; Vəhy 2:17 Millətlər salehliyini,
Bütün padşahlar əzəmətini görəcək.
Rəbbin ağzı ilə deyəcəyi,
Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
Sən Rəbbin əlində gözəllik tacı,
Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
Artıq sənə «atılmış»,
Ölkənə «viranə qalmış» deməyəcəklər.
Əvəzinə sənə «sevdiyim»,
Ölkənə isə «ərli» deyiləcək.
Çünki Rəbb səni sevəcək,
Ölkən də ərli sayılacaq.
Bir gənc bakirə qızla evləndiyi kimi
Səni Yaradan da səninlə evlənəcək.
Bəy gəlindən zövq aldığı kimi
Allahın da səndən zövq alacaq.
 
Ey Yerusəlim, divarlarının üstünə
Mən qarovulçular qoydum.
Gecə-gündüz onlar susmayacaq.
Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,
Rəbb Yerusəlimi bərpa edənədək,
Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək
Ona rahatlıq verməyin!
 
Rəbb sağ əlini, güclü qolunu
Qaldırıb and içdi:
«Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm,
Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.
Taxılı yığan yeyəcək,
Rəbbə həmdlər edəcək.
Üzümü toplayan şərabını
Məbədimin həyətlərində içəcək».
 
10 Keçin, keçin şəhər darvazalarından,
Xalq üçün yol hazırlayın!
Tikin, yol salın,
Daşları kənara atın,
Xalqlar üçün bayraq qaldırın!
11 *Yeş. 40:10; Vəhy 22:12 Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi:
«Sion qızına deyin:
“Budur, qurtuluşun gəlir,
Rəbbin mükafatı onunladır,
Ənamı önündədir”».
12 Sion xalqına
«Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər.
Sən, ey Yerusəlim,
«Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.

*62:2 Yeş. 65:15; Vəhy 2:17

*62:11 Yeş. 40:10; Vəhy 22:12